Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yük və sərnişin daşımasını asanlaşdıracaq daha bir yol təmir olunur



Newscenter.az.24.06.2019. Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası və qazılmış hissələrin əks-dolğusu işləri görülərək yol profilə salınır. Yolun 1-5 və 12-13-cü km-lik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0.8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, bu işlərin ardınca optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə edilməklə yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtük döşənir. 2 laydan ibarət asfalt-beton örtüyünün 80 min kv.m-ə yaxın sahədə salınması nəzərdə tutulub.

Yolun əsaslı şəkildə bərpa edilərək istifadəyə verilməsindən sonra isə sözügedən kəndlərin əhalisinin öz pay torpaqlarında yetişdirdikləri məhsulları bazarlara rahat və xarab olmadan qısa zamanda çıxarmaq imkanı yaranacaq.

Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsi ilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.
Anar
Xəbəri paylaş