Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib


Newscenter.az.15.07.2019. İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.

Newscenter.az xəbər verir ki, seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Sabirabad, Şirvan, Hacıqabul, Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonra seminar-müşavirədə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov nümayiş edilən filmlə bağlı təəssüratlarını paylaşaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə xalqımız naminə atdığı uğurlu və cəsarətli addımlardan söhbət açıb.

Seminar-müşavirənin aktual mövzuya həsr edildiyini bildirən icra başçısı dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadlardan, ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyindən danışıb. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunan icra başçısı bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə nümayiş edilən filmlə bağlı fikirlərini bölüşərək bildirib ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyev çətin siyasi vəziyyətdə milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb, azərbaycançılıq ideologiyasının əsasını qoyub.

O bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. Respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir.

İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəssüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. Səyavuş Heydərov təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də o respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan S.Heydərov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edib. O, həmçinin xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda, bunların qarşısının alınması yollarından söz açıb.

Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.

Seminar-müşavirə mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.
Xəbəri paylaş