Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib


Newscenter.az.17.07.2019. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Sosial Tədqiqatlar Mərkəzində görüş keçirilib.

Newscenter.az xəbər verir ki, “Müasir dövlət quruculuğu, ictimai fikrin formalaşması - kəsişmələr və ziddiyyətlər” mövzusunda baş tutan tədbirdə geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili demokratik-dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində keçilmiş yola nəzər salaraq, nailiyyətləri və çətinlikləri obyektiv nəzərlərlə qiymətləndirməyə çalışıb, hazırki dövrün əsas çağırışlarını səsləndirib. O, qanunun aliliyinin adətlərdən yuxarıda dayanmasının yüksək keyfiyyətə malik, qanunların mahiyyətini dərk edən vətəndaş cəmiyyəti quruculuğu ilə tamamlanması zərurətini mühüm vəzifələrdən biri adlandırıb.

Əli Hüseynli dövlətin konstitusion əsasları haqqında danışarkən vurğulayıb ki, qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, onun məzmununun ictimaiyyət tərəfindən də qəbul edilməsi, ictimai şüurda özünə yer etməsi istiqamətində illərdir ardıcıl tədbirlər həyata keçirilir.

İdarəetmə modellərinin hüquqi fəlsəfəsini - Azərbaycan milli modelinin spesifikasını təhlil edən millət vəkili qanunları ictimai fikrə, adətə yaxınlaşdırmaqla bağlı atılan addımları açıqlayıb. “Qanunla həyat tərzinin ədalətli balansının tapılması ən düzgün yoldur”- deyən natiq, uzun illərin professional fəaliyyət nümunələrini tədqiqatçıların diqqətinə təqdim edib.

Qonaq müxtəlif ictimai-siyasi formasiyalar daxilində Azərbaycanın hüquqi və ictimai dəyərlərinə yer verərək, müasir dövrün ideya-siyasi cərəyanlarına və dövlətqurma proseslərinə son 200 ilik tarixin təsiri haqda çox maraqlı və ənənəvi yanaşmalardan fərqli baxışlarını söylədi, üç imperiya varisi ilə vahid bir coğrafiyada yaşamağın üstünlükləri və tələbləri ilə bağlı təkcə hakimiyyətin deyil, bütün siyasi institutların maarifçilik, təbliğat və təşviqatçı vəzifələrindən danışdı.

O, ictimai münasibətlərdə yaşanan prosesləri izah edərkən deyib ki, ziddiyyətlər təbii olsa da, konkret istiqamətimizi sırf milli kontekstdə davam etdirməliyik: Azərbaycan, Qafqaz ruhu model kimi təbliğ edilməlidir, bu təbliğat isə mütləq konkret nümunələrlə əsaslandırılmalıdır.

Milli fikrin yad ideologiyalara qalib gəlməsi üçün Mərkəzin üzərinə düşən vəzifələrdən bəhs edən qonaq deyib ki, inteqrasiya prosesini mütləq təbliğ etmək ən ümdə vəzifə olmalıdır: “Hesab edirəm ki, Sosial Tədqiqatlar Mərkəzi çox vacib bir qurumdur və üzərinə çox böyük, ciddi vəzifələr düşür. Mərkəzin qarşısında ölkənin gələcəyi, dövlətçilik təfəkkürünün formalaşdırılması, hərtərəfli və savadlı vətəndaş şüurunun gücləndirilməsi ilə bağlı çox ciddi vəzifələr durur. Hesab edirəm ki, bu cür yüksək intellektual potensialı olan bir qurum bu işin öhdəsindən layiqincə gələcək”.

Daha sonra millət vəkili Mərkəzin əməkdaşlarının suallarına cavab verdi.

Yekunda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edərək, qonağa maraqlı fikirlərinə, gələcək fəaliyyətlə bağlı bölüşdüyü tövsiyyələrinə görə təşəkkür etdi.
Xəbəri paylaş