Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstər paşinyanlar olsun, istərsə də digər "yanlar", onların Qarabağ arzuları gözlərində qoyulacaq



Newscenter.az.2.09.2019. Ermənistan ənənəsinə yenə də sadiqlik nümayiş etdirir. Hər dəfə Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesi intensivləşəndə, yaxud tərəflər həll variantına az da olsa yaxınlaşdığı ərəfədə işğalçı ölkə öz təxribat maşınını işə salır və Azərbaycanı təxribata çəkmək istəyir. İstər Köçəryan, istər Sərkisyan hakimiyyəti dövrlərində, istərsə də hazırda Nikol Paşinyanın zamanında İrəvan anoloji kartlardan istifadə edir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşəcəyi barədə xəbərlərin yayıldığı, rəsmi Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllinə diqqətinin artdığı bir ərəfədə işğalçı ölkənin baş nazirinin Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı açıqlaması, eləcə də tez-tez işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi məhz yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Ancaq bir sıra ekspertlər hesab edirlər ki, burada digər bir məqam da var. Belə ki, Nikol Paşinyanın sadə ermənilər arasında nüfuzunun getdikcə aşağı düşməsi onu bu cür populist çıxışlar və gedişlər etməyə sürükləyir. Belə ki, Paşinyan hesab edir ki, bu yolla xalqın sevgisini qazana bilər.

Millət vəkili Eldəniz Səlimov bildirib ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir. Onun sözlərinə görə, son vaxtlarda, xüsusilə Ermənistanın baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistandır, vəssalam" açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatsum" ifadəsini deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının bariz nümunəsidir".

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir: "Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur".

Eldəniz Səlimov onu da vurğulayıb ki, indiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətini öz üzərindən ataraq bunu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışırdı:

"Yəni, Ermənistanın baş naziri bir tərəfdən əsassız olaraq "Qarabağ xalqı" adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edir. Qeyd etmək vacibdir ki, uzun müddət Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırdı. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin bir neçə dəfə bəyan etdiyi kimi, ikinci erməni dövlət yaradılmasına imkan verilə bilməz və verilməyəcək. Həmçinin, dövlət başçısının vurğuladığı kimi, ermənilər bir dəfə öz müqəddəratını təyinetmə hüququndan istifadə ediblər və tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradıblar. İndiki Ermənistan adlı dövlət ermənilərin, daşnakların və onların himayədarlarının qurduğu oyunlarla, fintəkarlıqlarla tarixi Azərbaycan-türk torpaqları - İrəvan xanlığı, Göycə, Zəngəzur, Dərələyəz, Vedibasar mahalları üzərində qurulub. Odur ki, ermənilərə artıq ikinci dövlət yaratmağa, özü də yenə tarixi Azərbaycan torpaqlarında, Qarabağda və ona bitişik ərazilərdə yaratmağa imkan verimək olmaz və birmənalı olaraq da, imkan verilməyəcək, onlara belə fürsət, şans tanınmayacaq, 20-ci əsrin əvvəllərində məcburiyyət qarşısında və mövcud şərtlər daxilində olsa belə, yol verilən xətalar təkrarlanmayacaq. İstər paşinyanlar olsun, istərsə də digər "yanlar", onların Qarabağ arzuları gözlərində qoyulacaq, xəyalları xəyal olaraq qalacaq. İşğala və təcavüzə məruz qalsaq da, bu gün ermənilərin və Ermənistanın qarşısında güclü, qüdrətli, inkişaf etmiş Azərbaycan dövləti var. O Azərbaycan ki, nəinki region dövlətləri, bütövlükdə dünya, aparıcı Qərb dövlətləri onunla hesablaşırlar, onun sözünü, rəyini nəzərə alırlar. O Azərbaycan ki, bu bölgədə onun icazəsi və razılığı olmadan heç bir transmilli və qlobal layihə həyata keçirilmir. O Azərbaycan ki, məhz onun istəyi və iradəsi ilə işğalçı və təcavüzkar Ermənistan bütün layihələrdən kənarda saxlanılıb. Uğurlu Aprel döyüşlərində, Cünnüt və bugünlərdə həyata keçirilən Qazax əməliyyatında hərbi gücünü, qüdrətini, nəyə qadir olduğunu və ola biləcəyini hər kəsə, ermənilərə, Ermənistana, onun açıq və gizli havadarlarına nümayiş etdirdik".
Xəbəri paylaş