Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili paytaxtda baş verən ölüm hadisəsindən yazdı



Newscenter.az. 4.09.2019. Millət vəkili Nəsib Məhəməliyev bir neçə gün əvvəl paytaxtın Şərifzadə küçəsində 18 yaşlı gəncin bıçaqlanaraq qətlə yetirilməsindən yazıb. Deputat baş vermiş hadisədən təəssüfləndiyini qeyd etməklə yanaşı, xüsusilə gənclər arasında bu cür halların olmasına diqqət çəkib və bu kimi halların bir daha baş verməməsi üçün müəyyən tövsiyyələrini qeyd edib.

Newscenter.az millət vəkilinin fikirlərini təqdim edir.

Üç gün əvvəl Bakının Şərifzadə küçəsində baş vermiş cinayət nəticəsində 1991- ci ıl təvəllüdlü Fərid Məmmədzadə bıçaqla, ürək nahiyyəsindən vurulan zərbə nəticəsində qətlə yetirilmişdir.Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına səbr arzulayıram.
Üş gündür ki,Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stress vəziyyətindədirlər.O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir.

Münaqişədən əvvəl tanış olmayan gənclərin belə ağır cinayət törətmələrinin motivi nədir? Hesab edirəm istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Bir neçə il öncə Milli Aviasiya akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü.Düşmənlə üz üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsi hər bir valideyn üçün nə qədər dözülməz olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Və bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi.

Heç bir ciddi səbəb olmadan cəmiyyətdəki aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük,əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və sairə hallar cəmiyyətimizi narahat edən, düşündürən məsələlərdir.

Necə ola bilər ki, İKT- nın verdiyi imkanlardan sui istifadə edərək, heç vaxt görmədiyin, tanımadığın insanları subyektiv fikirlərinə, statusuna görə tənqid yox, küçə söyüşləri ilə ağır formada təhqir edəsən. Şəxsi uğursuzluqlarının səbəblərini özündən başqa hər kəsdə axtarasan, dörd tərəfə nifrət dolu şər, böhtan yağdırasan.

Müxtəlif mənbələrdən aldığım məlumata görə, şəhərdə bir çox gənclər, hətta bəzi məktəbli yeniyetmələr belə özlərilə bıçaq gəzdirirlər. Sual olunur nə üçün? Kimə lazımdır bu? Ermənistan kimi mənfur, hiyləgər düşmənlə müharibə, Dövlətimizin inkişafını gözü götürməyən qüvvələrlə mübarizə şəraitində mənasız yerə özümüz özümüzə niyə düşmən kəsilməliyik. Allah qarşısında çox böyük cinayət törədərək , günahsız bir gəncin həyatına son qoyaraq, ailəsinə, yaxınlarına sağalmaz yara vurmalıyıq.

Hər gün səhərlər xəbər saytlarını izlədikdə, bu tipli ağır cinayətlərin Bakı şəhərində və bölgələrdə baş verdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu faciələrdən nəticə çıxarılmalı,ilk növbədə ailədə, məktəbdə uşaqların, gənclərin tərbiyəsilə çox sıx şəkildə məşğul olmalıyıq.Formal olaraq yox, ciddi şəkildə hər bir məktəbdə, kollektivdə, ( tək uşaqlarla deyil, həm də valideynlərlə) işləməyi bacaran psixoloqlara ehtiyac var.
Mən buradan hörmətli KİV nümayəndələrindən xahiş edirəm.Artıq dəb halını almış kriminal avtoritetlər, el arasında “vor zakon” kimi tanınan insanları qəhrəman obrazında təqdim edərək, onların həyatı, məişəti, kriminal çəkişmələri barədə məlumatların verilməsi düşünürəm ki, məqsədə uyğun deyil. Belə bir təqdimatdan, “ təbliğatdan” sonra bir çox zəif iradəli gənclərVə özlərini onlara oxşatmağa çalışır, nümunə kimi qəbul edirlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda ictimai siyasi həyatda üzdə olan bəzi insanlar da belə hərəkətləri təşviq edirlər. Bu gələcəyimiz üçün çox ziyanlı, təhlükəlidir.

Son vaxtlar şəhərin mərkəzi hissəsində DİN - i tərəfindən milli mənəvi dəyərlərimizə, əxlaqımıza zidd, xalqımızın imicinə xələl gətirən neqativ hallarla apardığı mübarizə ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir, razılıqla qarşılanır.
Hər bir normal vətəndaş cəmiyyətin kriminallaşmasının qarşısının alınmasında,gənclərin doğru, dürüst, vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz töhvəsini əsirgəməməlidir.

Vətənimizdə heç bir ailədə belə faciələrin yaşanmaması arzusu ilə......

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Xəbəri paylaş