Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib


Newscenter.az. 6.09.2019. İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş “Simurq ömrü” adlı anım tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, “Dövlət və Qanun” qəzetinin informasiya dəstəyi ilə keçirilən tədbir Həzi Aslanov adına Ordu-İdioloji Mədəniyyət Mərkəzində baş tutub. Tədbiri giriş sözü ilə açan İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində davamlı həyata keçirilən fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Həzi Aslanov adına Ordu-İdioloji Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov Milli Qəhrəman Səfiyar Behbudovun keçdiyi döyüş yolu haqqında danışıb. Sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək, Azərbaycan dövlətinin ordu quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər və şəhid ailələrinə göstərilən qayğı və diqqətdən bəhs edib. Tədbirdə iştirak edən Dərbənd Xeyriyyə Birliyinin sədri, birinci dərəcəli kapitan, Hərbi Akademiyanın professor, tarix elmləri doktoru Nurulla Əliyev çıxış edərək, Azərbaycan ordusunun qüdrətindən, əsgərlərimizin cəbhədə əldə etdiyi uğurlardan söz açıb.

Daha sonra Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Nailə Behbudova, ehtiyyatda olan polkovnik Həmid Cəfərov, Nəsimi Rayon Veteranlar Şurasının sədri İsmayıl Şirinov, professor Aidə İbrahimova, 20 yanvar əlili, Qarabağ müharibəsi iştirakçısı Arif Məhərrəmov, mayor Aidə Şirinova, milli qəhrəmanın döyüş yoldaşı, batalyon komandiri Gəray Əsədov, dünya çempionu Araz Musayev çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən, şəhidlərimizin xatirəsinin daim uca tutulması üçün həyata keçirilən işlərdən söz açıblar. Həmçinin tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, elm və mədəniyyət xadimləri, Qarabağ müharibəsi əlilləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, İSBAM-nın üzvləri, ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Eyni zamanda tədbirdə Milli Qəhrəman Səfiyar Behbudov haqqında sənədli film nümayiş etdirilib. Tədbir Həzi Aslanov adına Ordu-İdioloji Mədəniyyət Mərkəzinin və Bərdə rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə vətənpərvərliyin təbliğinə həsr olunmuş bədii hissə ilə davam edib.
Xəbəri paylaş