Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəlidə bizi Qarabağı işğaldan azad etmək vəzifəsi gözləyir



Newscenter.az.6.09.2019
. Bakıda Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçımız Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədi ilə heykəl ucaldılması xəbərini böyük məmnunluq hissi ilə qarşıladım. Bu Albertin halal haqqı idi. İnsafən abidənin özü də çox gözəl abidədir, ideyasını yaxşı fikirləşiblər, tərtibatı mükəmməldir.

Albertin ruhu şad olsun. Allah digər şəhidlərimizə də rəhmət eləsin. Şəhidlərin hamısı qəhrəmandır. Biz hər bir şəhidimizə, sağ olan və ya dünyasını dəyişmiş Milli Qəhrəmanlarımıza bax bu cür yüksək dəyər verməliyik ki, onların da qəhrəmanlığı gənclərimizə nümunə olsun, müasir nəsillər vətənpərvər ruhda formalaşsınlar. Mən çox istərdim ki, doğulduğum Qubadlının, habelə Şuşanın uğrunda son ana qədər vuruşan və həlak olan Milli Qəhrəmanımız Əliyar Əliyevin də ya Qarabağda, yadaki paytaxtda bax belə bir əzəmətli, dərin məna yüklü heykəli qoyulsun. Düşünürəm ki, bu bizim Əliyarın ruhu qarşısında vəfa borcumuzdur.

Zamanında ölkəmiz üçün neçə-neçə çempion idmançı yetişdirən və Qarabağ uğrunda döyüşlərdə çoxlu sayda erməni yaraqlısını məhv edən Ə.Əliyevin könüllərdəki heykəlini həm də daş üzərinə köçürmək mənəvi-tərbiyəvi baxımdan vacibdir. Gənclərimiz gerçək qəhrəmanlarımızı yaxından tanımalı, özləri üçün ideal seçmək imkanı əldə etməlidirlər. Çünki irəlidə bizi Qarabağı işğaldan azad etmək vəzifəsi gözləyir.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş