Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT QAK Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir


Newscenter.az.13.09.2019. BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədi ilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər. BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat departamentindən Newscenter.az-a bildirilib ki, təqaüdlər Almaniya federal hökumətinin maliyyə dəstəyi ilə BMT QAK-ın DAFI (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) proqramı çərçivəsində verilib.

BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15.500-dən çox qaçqın tələbənin sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın universitet və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFI proqramı Azərbaycanda 2010-cu ildə fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, o cümlədən bu yaxınlarda 2019-2020-ci tədris ilinin başlanması ərəfəsində 9 yeni tələbə bu məqsəd üçün seçilib.

Görüşdəki nitqində BMT QAK-ın Ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb. Guido Ambroso çıxışının sonunda BMT QAK-dan müavinət alan qaçqınları, o cümlədən, DAFİ təqaüd proqramından dəstək alan tələbələri ödənişsiz olaraq bank kartları ilə təmin etdiyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkür edib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq tələbələri təbrik edib və ali təhsillərində onlara uğurlar arzulayıb.
Xəbəri paylaş