Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Aprel şəhidinin övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib-FOTOLAR



Newscenter.az.14.09.2019. Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidi, kapitan İnqilab Quliyevin ailəsinin ziyarət edib, şəhidin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib.

Newscenter.az xəbər verir ki, millət vəkili şəhid İnqilab Quliyevin yadigarları Hüseyn və Əyyamı qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib.

Çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı Pərvin Kərimzadə ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, dövlətimiz şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərir. Kapitan İnqilab Quliyevin qəhrəmancasına həlak olduğu Aprel döyüşlərini xatırladan millət vəkili hərbi əməliyyatların bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin daha bir nümayişi olduğunu qeyd edib.

Şəhidin atası Çingiz Quliyev şəhid ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan danışaraq, şəhid ailələrinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin arxasında olduğunu bəyan edib.

Qeyd edək ki, İnqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan İnqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Xəbəri paylaş