Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz cəmiyyəti aldada bilmərik



Əlisahib Hüseynov: "Siyasətçinin evində, ailəsində nə xaos, anarxiya, nədə ki zorakılıq, diktatura hökm sürməməlidir"

Newscenter.az.21.09.2019.
Hakimiyyətə iddialı olan partiya rəhbərlərinin, siyasət adamlarının ailə həyatı, ailədaxili münasibətləri mükəmməl olmalıdır. Mən deyərdim hətta ideal olmalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, siyasi liderin öz həyat yoldaşı ilə, övladları ilə münasibəti, davranışları hər kəs üçün nümunə sayıla biləcək qədər yüksək səciyyə daşımalıdır:

"Adətən sıravi insanlar məhz siyasətçiləri özləri üçün örnək, etalon hesab edirlər. Odur ki, siyasətçi də buyurub örnək kimi örnək olmalıdır. Siyasətçilər insanların onların haqqındakı təsəvvürlərinə uyğun olmağa çalışmalıdırlar. Siyasətçinin evində, ailəsində nə xaos, anarxiya, nədə ki zorakılıq, diktatura hökm sürməməlidir. Siyasətçinin başqa insanlara qarşı zorakılıq etməyə haqqı olmadığı kimi, öz ailə üzvlərinə də zor tətbiq etməyə, sadist kimi davranmağa ixtiyarı yoxdur. Siyasətçi təkcə tribunalardan, mitinq meydanlarından, Yutub kanalların efirlərindən insan haqları və demokratiya haqda pafosla danışmaqla kifayətlənməməlidir. O, öz evinin içində də əsl demokrat kimi davranmağı, öz əzizlərinin insan haqlarını "Quran" ayəsi kimi müqəddəs tutmağı bacarmalıdır. Əgər bacarmırsa, o zaman onun siyasətçi olmağa, liderliyə can atmağa haqqı yoxdur. Bu söylədiklərim adi həqiqətdir, sadə aksiomadır və bu həqiqətlər istər müxalif, istərsə də iqtidar siyasətçilərinə eyni dərəcədə aiddir".

Partiya sədri qeyd edib ki, cəmiyyətimiz biz siyasətçilərdən gerçəkdən də nümunəvi davranış gözləyir:

"Biz cəmiyyəti aldada bilmərik. Özümüzü çöldə super-demokrat, evdə isə xırda diktator kimi apara bilmərik. İçimizdə, ruhumuzda despotluq, tiranlıq varsa, özümüzü siyasət meydanına atıb xalqa demokrat kimi sırımamalıyıq. Cəmiyyətimiz çox həssas cəmiyyətdir, ayıq cəmiyyətdir. Cəmiyyət hər şeyi görür və doğru-düzgün reaksiya verir. AXCP sədrinin müavininin ailəsində yaşanan son olaylara, tükürpərdən açıqlamalara cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq da, gənclərin mənfi reaksiyası da tam adekvat oldu. Bu kimi hadisələrə qətiyyən “ailədaxili məsələdir” deyib keçmək, şiddəti, zorakılığı malalamaq olmaz. Öz övladına qarşı ədalətli və dürüst münasibət sərgiləyə bilməyən bir siyasətçi sabah hakimiyyətə gələrsə, millətimizin balalarına da sağlam zəka ilə, sevgi ilə qucaq aça bilməyəcək. Yaxşı ki, cəmiyyətimiz məhz bu həqiqəti siyasətdəki "qəhrəmanlı"ların diqqətinə çatdıra bildi. Məncə, böyük demokrat olmağa iddialı müxaliflər bu acı olaydan çox böyük bir dərs almış oldular. Həzrəti Mövlana demişkən, adamlar bundan sonra ya olduqları kimi görünəcəklər, yadaki göründükləri kimi olacaqlar".

Xisrov
Xəbəri paylaş