Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib



Newscenter.az.21.09.2019. Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "Yemləmədə innovativ yanaşma" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda heyvandarlar, yerli yem zavodlarının və Gürcüstanın "Nutrimax" yem zavodunun nümayəndələri, alimlər, baytar, zootexnik ixtisası üzrə təhsil alan tələblər iştirak ediblər.

Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev iri və kiçik təsərrüfatlarda yemləndirmənin əhəmiyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, yemləndirmə hər bir heyvanın yaş dövrünə uyğun təşkil edilməyəndə baş sayına düşən potensial məhsuldarlıq aşağı düşür, heyvanın təsərrüfat dövrü qısalır. Bunu əsas gətirən mütəxəssis hər bir heyvandara elmi baxımdan əsaslandırılmış rasionlar tətbiq etməyi tövsiyə edir.

Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Esmira Lətifova dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Şöbə müdiri çıxışında qüvvəli yemləndirmənin iqtisadi əhəmiyyəti haqqında elmi məlumatları diqqətə çatdırıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli təsərrüfatların iqtisadi baxımdan rentabelli fəaliyyət göstərməsi üçün rasiona uyğun yemləndirmə, yeni bəsləmə texnologiyalarının üstünlüyü, tövlə şəraitinin düzgün təşkili məsələsinə toxunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi işlər üzrə prorektoru Ramin Məmmədov isə son illər təhsil ocağında gənc kadrların hazırlanması istiqamətində görülən işlərə toxunub və yerli şirkətləri universitetin məzunlarının işlə təmin olunmasında aktiv olmağa çağırıb.

Daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Sevil Abbasquliyeva və "Nutrimax" MMC-nin "Heyvanların yemləndirilməsi" şöbəsinin müdiri Revaz Lapaçi alternativ yemləndirmə metodları haqqında təqdimatla çıxış ediblər. ADAU, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat İnstitutu, ”Yalama Aqroparkı”, rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları müzakirə olunan mövzu ilə bağlı sual və təkliflərini səsləndiriblər. Heyvandarların maarifləndirilməsi üçün belə tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb.

Orxan
Xəbəri paylaş