Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxda şəhid Səməd Hacıyev adına bulağın yenidənqurmadan sonra açılışı olub



Newscenter.az.26.09.2019. Qazaxın Orta Salahlı kəndində şəhid – Hacıyev Səməd Məmməd oğlunun adını daşıyan bulağın yenidənqurmadan sonra açılışı olub.

Newscenter.az xəbər verir ki, şəhidin ailə üzvləri tərəfindən abadlıq işləri aparılan bulağın açılışında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, şəhid ailələri, Orta Salahlı kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb və tər qərənfillər düzülüb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın yenidən qurulmasında əməyi keçən insanlara minnətdarlığını çatdırıb. R.Babaşov fəaliyyətə başladığı gündən şəhid ailələrinə diqqət və qayğı göstərdiyini deyib. O, ilk görüşünün də şəhid ailələri ilə olduğunu söyləyib: “Atdığım ilk addım şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə də məhz həmin müqəddəs məkanlarda görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi. Ən əsası isə şəhidlərimizə olan sonsuz ehtiramı bir daha nümayiş etdirərək şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını əsl xiyaban adını daşıyacaq görkəmə gətirdik. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması, 287 nəfər şəhidin cismani ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu”.

İcra başçısı qeyd edib ki, bu gün nəinki şəhid ailələri, rayon sakinləri, eləcə də Qazaxa ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər: “Rayonumuzda keçirilən tədbirlər öncə həmin müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar”.

Rayon rəhbəri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir.

Azərbaycan Ordusunun Aprel zəfərindən söz açan icra başçısı həmin şanlı tarixin yazılmasında Qazax rayonunun 3 nəfər igid oğlunun – Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun da payı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. İcra başçısı vurğulayıb ki, bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir: “Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır”.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, şəhidin dostu Arzuman Abdulkərimov şəhid Səməd Hacıyevin keçdiyi döyüş yolundan danışıb. A.Abdulkərimov onun göstərdiyi qəhrəmanlığın gənclərə örnək ola biləcəyini söyləyib. Təşkilat sədri şəhidlərin unudulmadığını, onların qisasının alınacağına inandığını söyləyib. O, Qazax rayon icra başçısı Rəcəb Babaşova şəhid ailələrinə göstərdiyi qayğıya, eyni zamanda rayonda görülən işlərə görə minnətdarlığını çatdırıb. A.Abdulkərimov da ordumuzun 2016-cı il aprel zəfərini təkrarlayacağını qeyd edərək, işğal olunmuş torpaqların yaxın zamanlarda azad ediləcəyinə əminliyini ifadə edib. O, ölkə rəhbərliyinin orduya, şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların sosial müdafiəsi istiqamətində görülən işlərdən razılıqla bəhs edib. Ölkədəki mövcud ictimai-siyasi duruma toxunan A.Abdulkərimov inkişafın qarşısını almaq üçün aktivlik göstərən xarici və daxili qüvvələrin olduğunu qeyd edib. O, bəyan edib ki, Azərbaycan daha da güclənəcək, torpaqlarımız azad ediləcək, həmin qüvvələr məqsədlərinə çata bilməyəcəklər.

Milli Qəhrəman Alı Mustafayevin qardaşı Mahmud Mustafayev, Orta Salahlı kənd sakini Səid Abdulkərimov və başqaları çıxış edərək ölkə başçısı və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə qazaxlılar adından sonsuz minnətdarlıqlarını bildiriblər. Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, bulaqların qarşısından keçən minlərlə insanın bulağın tikilməsinə görə sonsuz minnətdarlıq hissi bildirməsindən, adını daşıyanlara isə Allahdan rəhmət diləmələrindən söz açıblar.

Çıxış edənlər Azərbaycan Ordusunun bugünkü qüdrətindən, döyüş qabiliyyətindən və hər an Vətənin müdafiəsinə hazır olmasından da danışıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda olmadığını bildiriblər. Sonda şəhidin qardaşları Elnur və Ramin Hacıyevlər şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə ailələri adından minnətdarlıqlarını bildiriblər.

Bugünkü tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara təşəkkürlərini çatdırıblar. Məlumat üçün qeyd edək ki, şəhid Hacıyev Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel 1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid Səməd Hacıyevin adını daşıyır. 1996-cı ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq tikilib. Bu ilin iyun ayından başlayaraq ailə üzvləri tərəfindən bulaqda yenidənqurma işləri aparılıb.
Xəbəri paylaş