Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi məmurlar cəmiyyəti dövlətdən narazı salır, vətəndaşla hakimiyyət arasında qarşıdurmanın meydana çıxmasına şərait yaradırlar



Newscenter.az.1.10.2019. “Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan ərazidə ev tikmək istəyən qazi ilə sözügedən dövlət qurumunun əməkdaşları arasında xoşagəlməz halın yaşanması bir çoxları kimi məni də üzdü. Gərək belə bir olay heç baş verməyəydi və hansısa siyasi maraq güdən qüvvələr də bundan ucuz şou düzəltməyə çalışmayaydılar”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözləırinə görə, biriləri bu kimi hallardan istifadə edib ölkədə sabitliyi pozmağa çalışır:

“Ölkədə qəsdən vətəndaş qarşıdurması yaratmağa cəhd göstərənlər var. Amma biz onların bu cür çirkin məqsədlərini həyata keçirmələrinə imkan verməməliyik. Ölkəni, milləti bu cür qarşıdurmalardan, sinfi ədavətdən qorumalıyıq”.

Partiya sədri qeyd edib ki, Qarabağ qaziləri hər cür diqqətə, qayğıya layiqdirlər:

“Dövlətimizin başçısı İlham Əliyev də, Birinci vitse-prezident Mehriban Əliyeva da qazilərimizə daim diqqət göstərir, onların problemlərini həll etməyə çalışırlar. Ancaq bəzi məmurlar isə çox təəssüf ki, ya bilməyərəkdən, ya da qəsdən Prezidentin siyasətinə, Birinci vitse-prezidentin humanist addımlarına qarşı tamamilə zidd mövqe sərgiləyir və cəmiyyəti dövlətdən narazı salır, vətəndaşla hakimiyyət arasında qarşıdurmanın meydana çıxmasına şərait yaradırlar. Radikal müxalifət də məhz bu kimi hallardan hakimiyyətə qarşı dərhal tutarlı fakt kimi istifadə etməyə, vətəndaşları dövlət qurumlarından narazı ovqata kökləməyə çalışır. Hesab edirəm ki, məmurlar bu aralar biraz daha diqqətli olmalıdırlar”.

Əlisahib Hüseynov onu da vurğulayıb ki, radikal müxalifətin ölkədə süni surətdə "inqilab" ab-havası formalaşdırmağa çalışdığı bu cür həssas bir məqamda müxalifətin əlinə heç bir səbəb və bəhanə vermək olmaz:

“Hər bir vətəndaşa (xüsusən də qazilərə) qayğı ilə yanaşmaq məmurların həm mənəvi borcu, həm də ki, birbaşa vəzifəsidir. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, məmurlar özlərini vətəndaşın ağası kimi yox, xidmətçisi kimi aparmalıdır. Bunu dərk etməyən və hətta qazilərə əl qaldıran məmurlar vəzifələrindən uzaqlaşdırılmalıdır. Ölkənin birinci şəxslərinin xüsusi qayğı göstərdikləri, hörmətlə yanaşdıqları qaziləri alçaltmağa, onlara əl qaldırmağa heç kimin ixtiyarı yoxdur”

Xosrov
Xəbəri paylaş