Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya ilə gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib



Newscenter.az.8.10.2019. Oktyabrın 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurların əldə olunmasına şərait yaratdığını xatırladan Komitə sədri informasiya texnologiyalarının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb. Gömrük sistemində tətbiq edilən bu yeniliklər gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynayıb-deyə S.Mehdiyev vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumundan məmnunluqla söhbət açıb, ölkəsinin bütün sahələrdə, o cümlədən gömrük işində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Səfir Azərbaycanın gömrük sistemində aparılan islahatların, əldə edilən nailiyyətlərin onda böyük təəssürat yaratdığını, həmçinin Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin gömrük xidmətindəki yeniliklərdən çox razı qaldıqlarını söyləyib.

Təcrübə mübadiləsinin əhəmiyyətindən də danışan Ceyms Şarp gələn həftə britaniyalı mütəxəssislər tərəfindən "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR)" sisteminin tətbiqi mövzusunda Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün keçiriləcək təlimi də qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirib.

Səfir Ceyms Şarp belə bir məqama da toxunub ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı artıq bu ayın sonundan etibarən Avropa İttifaqını tərk edəcək. Beləliklə, ölkəmizin sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulması zərurəti yaranıb. Xüsusilə, Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında bu istiqamətdə müəyyən işlər həyata keçirilməlidir. Diplomat qeyd edilən sərhəd zolağında gömrük işinin təşkilində Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmağın faydasından bəhs edib.

Öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, eləcə də Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd buraxılış məntəqələrində gömrük işinin yenidən qurulması ilə bağlı zərurət olarsa, Azərbaycan gömrük xidmətinin təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Zaur
Xəbəri paylaş