Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda zirehli avtomobil sürən "avtoş" peyda olub



Newscenter.az.9.10.2019. Bakıda zirehli avtomobillə gəzən yeni "avtoş" peyda olub.

“Report”un xəbərinə görə, ötən həftə həmin 90-TS-770 dövlət qeydiyyat nişanlı zirehli avtomobil Heydər Əliyev prospektində qəza vəziyyəti yaradıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtomobili idarə edən Kənan Davudzadə adlı şəxsdir. Onun idarə etdiyi avtomobilin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanı isə tam olaraq görünmür. Belə ki, dövlət qeydiyyat nişanı alt hissəyə yerləşdirilib.

Ekspertlər bildirir ki, belə avtomobillər çox iri olduğu üçün paytaxt küçələrində təhlükə saçır, yəni onlar digər sürücülər üçün qəza vəziyyəti yaradır.

K.Davudzadə sosial şəbəkədə idarə etdiyi bu cür avtomobillərin bir çox fotolarını da paylaşıb. Hətta şərh bölməsində zirehli texnikanın “əsl şəhər maşını” olduğunu da qeyd edib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər: “Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polisi əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər. Doğurdanmı yol polisi sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin? Mən indiyə qədər dəmir “bufer”li “Nissan Patrol” markalı avtomobil görməmişəm. Heç “Nissan” şirkətinin belə maşın istehsal etdiyini də görməmişəm. Bu, əlavə avadanlıqdır, konstruksiya dəyişikliyidir. Bildiyim qədəri ilə də yol polisində həmin avtomobilin bu vəziyyətdə sürülməsi qeydiyyata alınmayıb. Bu avtomobil “offroad” tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınsaydı, onların mütəmadi olaraq şəhərdə sürülməsi nəzərdə tutulmur”.
Xəbəri paylaş