Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib



Newscenter.az.22.10.2019.
Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və "Balakhani Operating Company" şirkətinin birgə təşkilatçılığı ilə "Din və ideoloji təhlükəsizlik məsələləri" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, şirkətin icraçı direktoru Sabir Nəzərov və əməkdaşları iştirak ediblər.

Öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirin maarifləndirici xarakter daşıdığını bildirən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu cür görüşlərin cəmiyyətin bütün təbəqələrini, o cümlədən strateji əhəmiyyət kəsb edən idarə və müəssisələri, hərbi hissələri, cəzaçəkmə müəssisələrini əhatə etdiyini vurğulayıb. Səyavuş Heydərovun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir.

Dini ekstremizmin fəsadlarından, eləcə də dini radikal qrupların fəaliyyətindindən də danışan sədr müavini deyib ki, bu gün dini radikal qrupların qarşılarına qoyulmuş əsas hədəf insan və vicdan azadlığı, ictimai təhlükəsizlik, vətənpərvərlik ruhu, dinlər və məzhəblərarası vəhdət və s. kimi dəyərləri məhv etməkdir. Səyavuş Heydərov vurğulayıb ki, dini radikalizmin cəmiyyətdə özünə yer tapmasının və yayılmasının qarşısının alınmasında milli-mənəvi dəyərlərə sıx şəkildə bağlılıq mühüm rol oynayır.

Azərbaycanda ictimai-siyasi və dini durumun sabit olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini tarixboyu ölkəmizdə müxtəlif xalqların, etnik və dini qrupların, məzhəblərin nümayəndələrinin birgə, mehriban, vəhdət halında yaşadığı diqqətə çatdırıb. Səyavuş Heydərovun sözlərinə görə, bu bütün dünyaya örnək olacaq bir məqamdır.

Səyavuş Heydərov, həmçinin şirkət əməkdaşlarını DQİDK-nın sifarişi əsasında çəkilən, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi barədə də məlumatlandırıb. Bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov vurğulayıb ki, filmdə bəhs edilən aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş