Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkələrdən aktiv istifadə dini radikalizmlə mübarizədə effektiv və müasir yoldur



Newscenter.az.25.10.2019. Oktyabrın 24-25-də Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Newscenter.az xəbər verir ki, dini icma sədrləri, din xadimləri, gənclər və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısının birinci müavini İlhamə Nəzərova rayondakı dini vəziyyət barədə məlumat verib. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi dini maarifləndirmə işinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

DQİDK sədrinin birici müavini Səyyad Salahlı ölkəmizdəki tolerant və multikultural ənənələrə söykənən nümunəvi dövlət-din münasibətlərindən danışaraq bildiririb ki, bu sahənin tənzimlənməsini reallaşdıran qanunvericilik aktları olduqca dolğundur və demokratik prinsiplərə əsaslanır. O qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasəti tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldıran cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dini sahəyə göstərilən diqqət və qayğıdan bəhs edən sədrin birinci müavini son illərdə ölkəmizdə çox sayda dini ibadətgahların inşa, təmir və bərpa edildiyini, DQİDK tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə maddi dəstək göstərildiyini deyib.

S.Salahlı vurğulayıb ki, ölkəmizdə mövcud olan multikultural mühit radikalizm və dini dözümsüzlüyün cərəyan etdiyi bütün dövlətlər üçün əvəzsiz nümunədir. Azərbaycanın bu sahədə üstünlüklərinin dünyada əyani şəkildə nümayiş etdirilməsi istiqamətində əvəzsiz nailiyyətlərdən bir çoxu, sözsüz ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yerli və beynəlxalq müstəvidə həyata keçirdiyi çoxsaylı layihələrlə bağlıdır.

Sədrin birinci müavini, eyni zamanda çıxışında dindarları 21-ci əsrin texnoloji imkanlarından yararlanmağa səsləyib. O bildirib ki, xüsusilə sosial şəbəkələrdən aktiv istifadə multikultural və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən biri olan dini radikalizmlə mübarizədə effektiv və müasir yoldur. Bu gün sosial platformalarda radikal və ekstremist çağırışların, din pərdəsi altında zərərli ideologiyaların, xurafatın, cəhalətin təbliğinin şahidi oluruq. Din xadimləri, ilahiyyatçılar, dini icmalar bu materialları yayan qara qüvvələrə qarşı mübarizəni yalnız məsciddə yox, həm də sosial mediada aparsalar daha tez və effektiv nəticə əldə etmiş olarlar.

Xaçmaz rayonu Qaraqurtlu kənd məscidi dini icmasının sədri Mübariz Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə dini tələbatın ödənilməsi və dini qurumlarların rahat fəaliyyət göstərməsi istiqamətində dindarlar üçün hər cür şərait yaradılıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev isə yad dini ideologiyaların qarşısının alınmasında həyata keçirilən tədbirlərin əhəmiyyəti, eləcə də nəticələri barədə danışıb.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

Mehman
Xəbəri paylaş