Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub



Newscenter.az.8.11.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 13 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İdarənin İnkişaf layihələri sektorunun nümayəndəsi Sevinc Əzimova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 13 nömrəli tam orta məktəbin direktoru Yaqut Sadıqova qonaqları salamlayıb. Çıxışı zamanı Y.Sadıqova “Kiçik Akademiya”nın fəaliyyətindən bəhs edib, əldə olunan uğurların qazanılmasında müəllim və şagirdlərin birgə səylərinin mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Kiçik Akademiya”ların yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsində böyük rolu olduğunu vurğulayıb. B.Məmmədov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib.
Daha sonra “Kiçik Akademiya” üzvləri öz tədqiqat işlərini nümayiş etdiriblər.

İngilis dili müəllimi Sevda Ağazadənin rəhbərliyi ilə “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən “İngilis dilində danışıq klubu”nun üzvləri və Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin şagirdləri üçün “Skayp” proqramı vasitəsilə qarşılıqlı “Teledərs” keçirilib. Canlı dərs zamanı müəllim şagirdlərə Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu olan İmadəddin Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib.
Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar səsləndirib və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş səhnəciklər nümayiş etdiriblər.

R.Mehdiyeva
Xəbəri paylaş