Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib



Newscenter.az.13.11.2019. Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin İqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-BƏƏ siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın İqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb. İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan Mikayıl Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 mln. ABŞ dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və s. sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38% artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5%-lik artım müşahidə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsinin və Ticarət Evinin fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, qarşılıqlı ticarət həcminin daha da artırılmasının və strukturunun şaxələndirilməsinin önəmini vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində keçirilən görüşlərin rolunu vurğulayıb.

Görüşdə iki ölkə arasında enerji, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, ticarət, investisiya, maliyyə, gömrük, kiçik və orta biznes, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Həmin gün Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

Azərbaycanın İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı istiqamətində keçirilən işgüzar görüşlərin, sərgilərin, yarmarkaların əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub, Dubayda hər il ənəənəvi olaraq keçirilən “Global Village” sərgisində Azərbaycan pavilyonu açılıb. Azərbaycan şirkətlərinin “Dubay EXPO-2020” sərgisində də iştirakı nəzərdə tutulur.

Azərbaycanda aparılan islahatlar barədə məlumat verən Mikayıl Cabbarov qeyd edib ki, iqtisadi islahatların, sistemli tədbirlərin uğurlu nəticələri beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2020" hesabatında 190 ölkə arasında 34-cü yerdə qərarlaşan Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb, Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda isə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci olub.

Komissiyanın iclasında Azərbaycanın İqtisadiyyat naziri həmçinin, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, BƏƏ investorlarını tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, sənaye zonalarına və aqroparklara investisiya yatırmağa, birgə layihələrin icrasına dəvət edib. Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayaraq, ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın böyük potensialını qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, ölkəmizin böyük inkişafa nail olduğunu vurğulayıb. Komissiyanın həmsədri BƏƏ iqtisadiyyatı barədə məlumat verib, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tədbirdə tərəflər iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıblar. Sənəddə ticarət, sərmayə, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, rabitə və yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşdırma, turizm, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Zaur
Xəbəri paylaş