Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək



Newscenter.az.13.11.2019. Noyabrın 13-14-ü tarixlərində Vərəm üzrə Avropa Koalisiyasının (TBEC) nümayəndələri Paul Somerfild və Mariya Makovetska, habelə Moldovanın Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzinin (PAS) proqram üzrə əlaqələndiricisi Kristina Çelan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm proqramı (TB REP 2.0) çərçivəsində ölkəmizdə səfərdədirlər.

Newscenter.az xəbər verir ki, səfərin məqsədi həmin proqramın Azərbaycanda vətəndaş cəmiyyəti tərəfdaşı “Sağlamlığa Xidmət” İctimai birliyinə mentorluq etmək və 3-4 dekabr tarixində Azərbaycanda keçirilməsi planlaşdırılan “Milli Dialoq” üçün əlaqəli dövlət qurumları və Səhiyyə Nazirliyi ilə danışıqlar aparılmasıdır. Milli Dialoqun məqsədi Azərbaycanda insanların ehtiyaclarına yönəli keyfiyyətli vərəm xidmətlərinin təmin edilməsi üçün Vətəndaş cəmiyyəti, vərəmə məruz qalmış icmalar və Milli Vərəm Proqramı arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Dialoqun təşkilatçı tərəfdaşları Səhiyyə Nazirliyi, Avropa Koalisiyası, Moldovanın PAS mərkəzi, ÜST-ün Avropa Regional bürosu və “Sağlamlığa Xidmət” İctimai birliyidir.

Dialoqda səhiyyə sektorunun aparıcı dövlət qurumlarının, Azərbaycanda nümayəndəliyi olan beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti təşkilatların iştirakı nəzərdə tutulur. İki gün davam edəcək müzakirələrin nəticəsi olaraq vətəndaş cəmiyyəti və Milli Vərəm Proqramının birgə əməkdaşlıq çərçivəsində vərəmlə daha effektiv mübarizə aparması məqsədilə yol xəritəsi və strateji sənəd hazırlanacaqdır.

Mentorluq səfəri çərçivəsində Avropa Koalisiyası nümayəndələri 13-14 noyabr tarixlərində Milli Məclisin Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi Milli Vərəm proqramı rəhbərliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri, Ümumdünya Səhiyyə təşkilatının ölkə nümayəndəsi, Səhiyyə Nazirliyi Layihələrin Əlaqələndirmə Bürosu rəhbərliyi, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Şurası ilə görüşlər keçirəcəkdir.

Aydan
Xəbəri paylaş