Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib



Newscenter.az.20.11.2019. Noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr olunub.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iclas iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda qeyd edilir ki, MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurası vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və fiskal siyasətin səmərəliliyinin təhlili üçün sanballı platformadır. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının aparacağı fikir mübadiləsi və qəbul edəcəyi qərarlar birlik ölkələrində sahibkarlığın inkişafına, investisiyaların cəlb edilməsi üçün komfortlu şərtlərin irəli sürülməsinə şərait yaradacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib və Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

M.Cabbarov “Beynəlxalq meyillərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergilər sahəsində əməkdaşlıqdan danışıb. Azərbaycanın İqtisadiyyat naziri jurnalistlərə müsahibəsində qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir: “Bunun başlıca səbəbi rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Ənənəvi iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi üçün son 100 ildə mövcud alətlər, qanunvericilik bu gün kifayət qədər sürətlə yenilənməlidir, çünki yeni iqtisadiyyatı təmsil edən elektron ticarət və elektron xidmətlərlə məşğul olan yerli və xarici şirkətlər tamamilə başqa iqtisadi modellərə və prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər. Bu məsələ yalnız Azərbaycan vergi sistemi üçün deyil, ümumilikdə qlobal vergi çağırışı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, şuranın builki iclası məhz rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunub”.

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illər genişləndiyini diqqətə çatdıran M.Cabbarov vurğulayıb ki, Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artdığını qeyd edən nazir bildirib ki, bu ilin ilk 9 ayının nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb: “Qeyri-neft sektorunun inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, ölkəmizdə Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük bir ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”.

İclasın işində Rusiya Baş Nazirinin birinci müavini Anton Siluanov da iştirak edib. İştirakçılar yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.

Zaur
Xəbəri paylaş