Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlər yaşadıqları ərazini araşdıracaq



Newscenter.az.20.11.2019. Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçiriləcək.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda və vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədlərinə xidmət edir. Şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırmaq, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmək bacarıqlarını formalaşdmaq, məktəblilərin tariximizə, adət-ənənəmizə olan marağının daha da artırılmasına müsbət təsir etmək də müsabiqənin əsas hədəflərindəndir.

VIII-X sinif şagirdləri arasında keçiriləcək müsabiqə çərçivəsində məktəblilər onlara təqdim olunan mövzular (yaşadıqları ərazinin, qəsəbənin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri və s.) üzrə araşdırma aparacaq və videoçarx hazırlayacaqlar.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 2 mərhələdən ibarətdir.

Müsabiqənin I (məktəbdaxili) mərhələsi (21 noyabr-9 dekabr) məktəblərdə keçiriləcək və ən yaxşı videoçarx seçiləcək. I mərhələdə hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək BŞTİ-yə təqdim olunacaq. Müsabiqənin final mərhələsində ilk turu uğurla keçən şagirdlərin araşdırma işlərinə Təşkilat Komitəsi tərəfindən baxılacaq. Final mərhələsinin yekununda 9 ümumi təhsil məktəbi müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III və 3 məktəb həvəsləndirici) layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

R.Mehdiyeva
Xəbəri paylaş