Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli həmrəyliyin, əmin-amanlığın, sabitliyin rəmzi



Newscenter.az.19.03.2020. Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayramlardan biri Novruz bayramıdır. Novruz bayramı minilliklərin sınağından çıxaraq xalqımızın zəgin milli irsinin rəmzi kimi mövcudluğunu qorumuş, xalqımızım həyatında mühüm yer tutmuşdur. Bu bayramı müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə qadağan etmək istəsələr də xalqımızın milli iradəsi Novruzun qeyd edilməsinin qarşısını almaq mümmkün olmamışdır.

Ötən əsrdə, sovetlər birliyi dövründə rəsmən Novruz bayramı yasaq edilsə də, Ümummilli lider Heydər Əliyevin milli adət-ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyətini əks etdirmişdir.

Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli Kür" filmini seyr edəndə Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

1991-ci ilin oktyabrında müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, ideoloji-siyasi məfkurəsinə çevrildi. Ümummilli lider qeyd edirdi ki, bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşadır, vətəndaşlara Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulayırdı.

Ümummilli liderin ideyalarını yaşadan Prezident İlham Əliyev milli mədəniyyətimizin, dəyərlərimizin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı möhtəşəm siyasət yürütməkdədir. Onun milli-mənəvi dəyərlərimizə olan dərin ehtiramı Novruzla bağlı tədbirlərdə də özünün əsrarəngiz təcəssümünü tapıbdır. Cənab İlham Əliyevin xalqımıza hər il ünvanladığı Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı qeyd edir ki, Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır.. “Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir”.

Novruz sülh, dözümlülük və həmrəylik platformasıdır. Azərbaycan sülh və həmrəylik ideyasını dünyaya yaymaqla həm də tolerantlığın, birgə yaşayışın, bütün bəşəriyyəti möhkəm sülh şəraitində yaşamağın mümkünlüyünü, humanitar dövlət olduğunu nümayiş etdiirir. Bunu milli dəyərlərimizin dünya miqyasında geniş təbliğində xüsusi əməyi və bənzərsiz fəaliyyəti ilə qürur ünvanımıza çevrilmiş Heydər Əliyev Fondunun humanitar milli diplomatiya siyasətində görmək mümkündür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində milli-mənəvi dəyərlərimizə, xalqımızın əziz bayramlarına dərin ehtiramını nümayiş etdirərək cəmiyyətdə milli birliyin daha da möhkəmlənməsinə və dünya miqyasında təbliğinə dərin tövfə verməkdədir. Onun birbaşa təşəbbüsü və səyi nəticəsində Fondun milli-ideoloji missiyalarından biri kimi Novruzun geniş təşviqi xüsusilə uğurlarla yadda qalmışdır.

Mehriban xanımın milli-mənəvi irsimizin qürur salnaməsi olan Novruz bayramı ilə əlaqədar dünya miqyasında həyata keçirdiyi layihələr xüsusi olaraq vurğula bilər. Milli birliyimizin simvolu olan bu bayramın dünyada tanıdılmasında əvəzsiz xidmətləri yüksək mənəvi məsuliyyətin, milli ləyaqətin və fədakar əməyin təzahürüdür. Məhz bu uğurlu siyasət nəticəsində Novruz adət-ənənə-mərasimi sistemindən çıxaraq qlobal humanizm məzmunu kəsb etməklə sülh və əmin-amanlıq, zəngin mədəni-mənəvi körpü və bəşəri humanizm vasitəsinə çevrilibdir. Novruz milliliklə bəşəriliyin harmoniyasıdır. Novruzun fəlsəfəsində hər bir millətin, xalqın mədəni intibahını əks etdirən dərin kaloritzm vardır. Bu baxımdan Novruz bayramı dünya mədəniyyətinin, sivilizasiyasının zəngin irsinə çevrilibdir. 2009-cu il sentyabrın 30-da Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Mehriban xanımın təşəbbüsü sayəsində 2010-cu il fevralın 23-də BMT-nin Baş Məclisində “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı keçirildi və qəbul olundu.

BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin ortaq dəyərlərinə zəngin töhfəsini, həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq martın 21-ni Beynəlxalq Novruz Günü kimi qəbul etmişdir. Bunun nəticəsidir ki, BMT-nin üzvü olan dövlətlər Novruzla bağlı məlumatlandırılır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin bu məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

Novruz bayramının heç bir coğrafi sərhəd tanımamaqdadır, Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Novruz Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunur. Dost və qardaş ölkə olan Gürcüstanda dövlət səviyyəsində Novruz bayramına xüsusi önəm verilmiş və martın 21-i qeyri-iş günü elan olunmuşdur. Bu möhtəşəm uğurlar Azərbaycanın Birinci vitse-prezidentinin milli ideya, azərbaycançılığın geniş təbliğində misilsiz nailiyyətlərinin bariz nümunəsidir.

Novruz həm də Milli birlik və həmrəyliyimizin rəmzidir, Dünya Azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini təmin edən azərbaycançılıq məfkurəsidir. Bu məfkurə ətrafında daha sıx birləşən xalqımız Azərbaycanımızın sabit və dayanıqlı inkişafına daha dərin töhfə verməkdədirlər.

Novruzun gəlişi yeni həyatın başlanması, sevincli günlərin başlaması deməkdir. Qəti bir inam və inadla söyləmək mümkündür ki, Novruz bayramı ilə ölkəmizə qədəm qoyan Yeni il dövlətimiz və xalqımız üçün uğurlu olacaq, hər kəsin həyatında bahar təravətli xoş günlər açacaqdır.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş