Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üzləşdiyimiz hazırki emosional-psixoloji gərginlik vəziyyətində biz daha diqqətli olmalıyıq



Newscenter.az.19.03.2020. Qarşıdan xalqımızın ən gözəl bayramlarından biri sayılan Novruz bayramı gəlir. Mən bu münasibətlə hər birinizi ürəkdən təbrik edir və sizə ən xoş arzularımı bildirirəm.

Lakin böyük bir təəssüf hissi ilə onu da qeyd etmək istəyirəm ki, biz azərbaycanlılar əvvəlki illərdən fərqli olaraq bu il Novruz bayramını tamamilə qeyri-ənənəvi bir situasiyada qarşılamalı oluruq. Belə ki, dünyanı cənginə almış koronavirus pandemiyasının yaratdığı təhlükəli vəziyyətlə əlaqədar olaraq biz bu il Novruz bayramına həsr olunmuş ənənəvi bayram şənliklərini keçirə bilməyəcəyik. Bunu Prezident İlham Əliyev də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində vurğulayıb. Dövlət başçısı öz təbrikində Azərbaycan xalqının bu vəziyyəti yaxşı anladığına əminliyini ifadə edib və bildirib ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.

Cənab Prezident təbrik sözlərində bizim hamımızı cəmiyyət olaraq, vətəndaş olaraq bugünlərdə daha çox məsuliyyətli olmağa dəvət etdi:"Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".

Dövlət başçısının təbrikində "beşinci kolon"la, içimizdəki düşmənlərlə bağlı səsləndirilən məqamlara xüsusilə diqqət yetirməyimizi vacib hesab edirəm. Prezident qeyd etdi ki, "məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq".

Koronavirusun yaratdığı hazırki böhranlı vəziyyətdən öz şəxsi mənafeləri, məkrli siyasi maraqları üçün istifadə etmək, insanların faciəsi üzərindən siyasi xal qazanmaq heç şübhəsiz ki, əsl mənəviyyatsızlıq, siyasi əxlaqsızlıq olardı. Lakin bəzi anti-Azərbaycan qüvvələrin, "beşinci kolon"un, milli satqınların yaranmış vəziyyətdən istifadə edib hansısa təxribat törətmək cəhdlərini də istisna etmək olmaz. Prezident də diqqəti məhz bu məqama yönəldib. Odur ki, biz bu kritik günlərdə hər zamankından ikiqat artıq məsuliyyətli və diqqətli olmalıyıq. Çünki həm cəmiyyətin hər bir üzvünün sağlamlığı, həm də ölkədəki sabitliyin qorunub saxlanması hamımızın birgə vəzifəmizdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da “COVID-19” (koronavirus) pandemiyası ilə bağlı xalqımıza müraciətində də önəmli fikirlər yer alıb.

Mehriban xanım tamamilə düzgün olaraq qeyd edib ki, hazırda "dünya qlobal çağırışla üz-üzədir.Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər. Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur".

Lakin Birinci vitse-prezident vurğulayıb ki,"ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq".

Bir sözlə, həm dövlət başçısının təbrikində, həm də Birinci vitse-prezidentin müraciətində özümüzə, çevrəmizdəki insanlara, böyüklərə həssaslıqla, qayğıkeşliklə yanaşmaq, xalqımızın və Vətənimizin gələcəyinə münasibətdə biganəliyə, laqeydliyə yol verməmək barədə yer alan çağırışlar əslində hər birimiz üçün istər mənəvi, istərsə də siyasi baxımdan "Yol xəritəsi" sayıla bilər.

Bəli, üzləşdiyimiz hazırki emosional-psixoloji gərginlik vəziyyətində biz daha diqqətli olmalıyıq. Hər bir vətəndaşımızın, soydaşımızın qeydinə qalmalıyıq. Hamımız öz içimizdə biganəliyə qarşı immunitet formalaşdırmağa çalışmalıyıq. Bütövlükdə bir xalq olaraq həmrəylik nümayiş etdirməliyik. Koronavirus pandemiyası istənilən ölkə və xalq üçün sözün əsl mənasında sınaq imtahanı sayıla bilər. Mən əminəm ki, biz azərbaycanlılar bu sınaqdan da alnıaçıq, üzüağ çıxacağıq.

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq bütün soydaşlarımızı birliyə, həmrəyliyə çağırırıq. Biz birlikdə güclüyük!

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş