Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimlinin ağ-qara düşüncəsinə görə, müxalifətçi olmaq iqtidara düşmən kəsilmək anlamına gəlir



Newscenter.az.6.04.2020. Müxalifətçilik düşmənçilikdirmi? Ədavətdirmi? Daim kin saxlamaq və barışmazlıqdırmı? Hesab edirik ki, yox, müxalifətçilik əsla düşmənçilik deyil. Ancaq gəlin görək hazırki iqtidara qarşı müxalifətdə olanların radikal qanadını təmsil edənlər də bizim kimi düşünürmü? Təəssüf ki, xeyr. AXCP sədrinin ağ-qara düşüncəsinə görə, müxalifətçi olmaq iqtidara düşmən kəsilmək anlamına gəlir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, Əli Kərimli zatən bu mövqeyini zaman-zaman sübut edib:

"Elə Facebook hesabındakı ən son paylaşımında da bu ənənəsinə sadiq qaldığını göstərir. Adam ABŞ-ın dünyaca nüfuzlu "Vaşinqton Post" qəzetinin Azərbaycan hakimiyyətini tənqid etməsinə uşaq kimi elə sevinir ki, anlamaq olmur bu adam hansı ölkənin müxalifət lideridir. Azərbaycan müxalifətinin lideridirsə, o zaman xarici ölkələrin təzyiqləri qarşısında hər zaman Azərbaycan hakimiyyəti ilə həmrəylik göstərməsi doğru mövqe olardı".

Partiya sədrinin sözlərinə görə, AXCP-ni və Milli Şuranı təmsil edənlər başa düşməlidirlər ki, Qarabağ məsələsi, dövlət müstəqilliyi kimi ümummilli məsələlərdə iqtidar-müxalifət ayırımı olmur:

"Belə məqamlarda hamı milli həmrəylik mövqeyindən çıxış etməlidir. Koronavirus pandemiyasına qarşı mübarizə aparmaq da tək iqtidarın vəzifəsi deyil. Bu bəlaya qarşı mübarizə aparmaq ümumxalq işidir. Və ölkəmizi, xalqımızı bu bəlanın fəsadlarından qorumaq üçün iqtidarla müxalifət bir araya gəlməyə təşəbbüs göstərməlidir. Amma təəssüf ki, radikal müxalifət hətta koronavirusdan da öz maraqları üçün yararlanmağa çalışır. Amma nəzərə alaq ki, pandemiya da bir sınaqdır. Və həm də aynadır. O, hər kəsin əsl üzünü nümayiş etdirir, kimin kim olduğunu göstərir".

Mehman
Xəbəri paylaş