Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli hazırki anda qətiyyən yerinə düşmür



Newscenter.az.9.04.2020. İndi istər fərd olaraq, istərsə də toplum olaraq hamımız böyük bir sınaq qarşısındayıq. Koronavirus pandemiyası sanki həm də bizim hər birimizin insanlığımızı, vicdanımızı yoxlayır. Məhz bu karantin günlərində bir çox iş yerləri bağlı olduğu üçün bəzi ailələr və tənha insanlar müxtəlif çətinliklərlə üzləşir. Dövlətimiz həmin insanların, ailələrin problemlərinin həlli üçün gərəkən addımları atır. Lakin dövlətlə bərabər, bir sıra imkanlı şəxslər və sənət adamları da imkansız ailələrə köməyini əsirgəmir. Əlbəttə, onların bəziləri bunu gizlin şəkildə edir, bəziləri isə video və fotolar çəkib sosial şəbəkələrdə paylaşım da edirlər.

Ancaq çox təəssüf ki, həmin paylaşımların altında xoş fikirlərlə yanaşı, "sağ əlin verdiyini sol əl bilməməlidir" kimi tənə dolu, qınayıcı rəylər də yazılır. Belə deyək də, sosial şəbəkə "ekspert"ləri bu xeyriyyəçiləri özlərini reklam etməkdə ittiham edirlər. Amma əslində isə hər kəs bilir ki, o sənətçilər və imkanlı şəxslər bunu reklam üçün deyil, həm başqalarına örnək olması üçün yayırlar, həm də yardım etmək istəyən digər şirkətlərin və şəxslərin də bu nəcib işə qoşulmasına vasitəçi olurlar. Və nəticədə, məhz bu paylaşımların sayəsində daha çox ailəyə əl tutulur, yardım edilmiş olur. Bir sözlə, onlar bu həssas məqamda kasıb ailələrini, xüsusən də uşaqları sevindirirlər. Odur ki, "Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli hazırki anda qətiyyən yerinə düşmür. Zaman dəyişib. Bu cür ehkamçı fikirlərdən əl çəkmək lazımdır. İndi neqativ düşüncələrin yeri və zamanı deyil.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş