Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 45 ölkənin hakatonçuları koronavirusa qarşı müsabiqəyə qoşulur-VIDEO



Newscenter.az.10.04.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC 10-12 aprel tarixlərində koronavirusla mübarizə məqsədi ilə texnoloji həlləri ortaya çıxarmaq üçün Qlobal Virtual Hakaton təşkil edir.
Newscenter.az-a daxil olan məlumata görə, qısa müddətdə elan olunmasına baxmayaraq, hakatona 5 qitə və 45-dən çox ölkədən 600-dən çox nəfər müraciət edib.

Müraciət edənlər Türkiyə, Fransa, Almaniya, İran, Çin, Pakistan, Birləşmiş Krallıq, Avstraliya, ABŞ, Kanada, Hindistan, Braziliya, Çili, Nigeriya və daha bir çox ölkənin vətəndaşlarıdır.

Onlayn şəkildə keçiriləcək hakatonun tərəfdaşları SOCAR AQS, Məlumat Hesablama Mərkəzi, Paşa Bank, Azərbaycan Turizm Bürosu, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Hakatonun beynəlxalq dəstəkçiləri qismində isə Amazon Veb Xidmətləri, Meout təşkilatı, Startup Grind Tbilisi, Start-Ist, Avropa Startup Şəbəkəsi, Hackquarters, Tekwill və Astana Hub kimi təşkilat və şirkətlər yer alır.

Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar, ətraf mühit kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Hakatonun qalibləri 12 aprel tarixində, günün ikinci yarısında elan olunacaq və mükafat olaraq 1-ci yerin sahibinə 5 000 ABŞ dolları, 2-ci yerin sahibinə 3 000 ABŞ dolları, 3-cü yerin sahibinə isə 2 000 ABŞ dolları veriləcək.

Zaur
Xəbəri paylaş