Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron rayonunda 23 küçə və yol təmir olunur



Newscenter.az.21.04.2020. Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

Newscenter.az-a Dövlət Agentliyindən verilən xəbərə görə, imzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb. Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29.2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kv.m-dir.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Artıq sözügedən işlər çərçivəsində Mehdiabad qəsəbəsində uzunluğu 2 km, sahəsi 16 min kv.m olan Qara Qarayev,, həmçinin Masazır kəndində uzunluğu 0.7 km, sahəsi 4500 kv.m olan Şıxəli Qurbanov küçələri əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Masazır kəndində uzunluğu 1.8 km, sahəsi 11 min kv.m olan Akim Abbasov və Ceyranbatan qəsəbəsində uzunluğu 1.2 km, sahəsi 11 min kv.m olan Heydər Əliyev küçələrində, həmçinin Saray qəsəbəsində ümumi uzunluqları 1 km, sahəsi isə 10 min kv.m olan 2 və 3 saylı orta məktəblərə gedən yollarda, bundan əlavə Aşıq İmran küçəsində aparılan əsaslı təmir işləri isə bitmək üzrədir. Hazırda sözügedən küçə və yollarda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə hazırda 2 küçədə təmir-tikinti işləri həyata keçirilir.

Anar
Xəbəri paylaş