Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirus pandemiyası günlərində ağciyər xəstəliyindən əziyyət çəkənlər necə qidalanmalıdırlar?



Newscenter.az.22.04.2020. Dünyanı bürüyən koronavirus pandemiyası günümüzdə səhhətində bu və ya digər problemi olan istənilən şəxsə təsir edir, onu yoluxdura bilir. Bu günlərdə qlobal səviyyədə yüz minlərlə insanın bu virusa yoluxaraq həyatlarını itirməsi fonunda bunu aydın görürük. Bu da danılmaz faktdır ki, koronavirus daha çox ağciyər xəstəliklərindən əziyyət çəkən insanlara təsir edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi koronavirusun daha çox ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təsir göstərdiyini nəzərə alaraq bu risk qurupuna aid olanlara bir sıra vacib tövsiyələr hazırlayıb. Agentlikdən bildirilib ki, yuxarı tənəffüs yolları və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər düzgün və balanslı qidalanmalıdır. Çünki yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVID-19 virusunun yüksək risk qrupuna daxildirlər. Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur. Hər il qeydə alınan müxtəlif qrip epidemiyalarının törəməsinə daha çox A və B virusları səbəb olur. C tipli qrip virusu geniş epidemiyalar törətmir. Epidemiyalar adətən payız-qış mövsümündə müşahidə olunur. Genetik strukturları daim dəyişən qripin yeni növləri əmələ gəlir. Ona görə də əhalinin onlara qarşı immuniteti olmur.

Bəs görəsən xəstəliyin risk qruplarına hansı yaş kateqoriyaları daxildir?

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda bildirilir ki, risk qruplarına əsasən yaşı 1-dən aşağı, 65-dən yuxarı olan insanlar daxildir. Bundan başqa ağciyərlərin immundefisitli halları olan insanlar, xronik ürək-damar sistemini xəstəlikləri olan insanlar, şəkərli diabetdən əziyyət çəkənlər, hamilə qadınlar və s. daxildir.

Qida Təhlükəsizliyi Agentliyindən o da bildirilib ki, sözügedən risk qrupuna aid olan şəxslər qidalanmaya da xüsusi diqqət yetirməlidirlər. Belə ki, balanslaşdırılmış qidalanma yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlarda həm xəstəliyin profilaktikasında, həm də müalicəsində mühüm əhəmiyyət kəsb edir. Bu cür xəstəliklərdən əziyyət çəkən insanlara tərkibində C, D və E vitaminləri, antioksidantlar, minerallar, yağ turşuları ilə zəngin olan qidalardan istifadə etmək məsləhət görülür. Eyni zamanda C vitamini ilə zəngin olan qidalar itburnu, qara qarağat, çaytikanı, sitrus meyvələridir ki, bunlar da faydalı sayılır. C vitamini immun sisteminin möhkəmləndirilməsi, soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanın tezləşdirilməsi kimi bir çox faydalı xüsusiyyətləri var. D vitamini ilə zəngin olan qida məhsullarına isə süd və süd məhsulları, balıq və balıq yağı, yumurta, qaraciyər, yulaf və s. daxildir. Belə ki, D vitamini immun sistemi və sümük-əzələ sistemini gücləndirərək orqanizmin xəstəliyə qarşı olan müqavimətini artırır

AQTA-da hesab edirlər ki, E vitamini ilə zəngin olan qidalar badam, qoz, yer fıstığı, fındıq və quru paxlalı bitkilər hesab olunur. Bu qidalar ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə). Yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlar gün ərzində bədən çəkilərinə uyğun olaraq maye qəbul etməlidirlər. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür.

İmmun sistemini gücləndirmək üçün isə sarımsaq və soğandan istifadə etmək məsləhət görülür. Eyni zamanda tərkibi kalsium, dəmir, sink ilə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur. Un və un məmulatları, az şəkər qəbul etmək məsləhət görülür. Belə ki, bu qidalar bağırsaq mikroflorasına mənfi təsir göstərərək mikrob artımına və son metabolizma qalığı olan karbon qazına parçalanaraq tənəffüs çatışmazlığına səbəb olur.

Orxan
Xəbəri paylaş