Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyi videokonfrans keçirdi



Newscenter.az.24.04.2020. “Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Bu barədə Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və carı tapşırıqların icrası məqsədilə nazirliyin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.

Qurumun bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin təşkil etdiyi növbəti videokonfransda şöbə müdiri Rafail Quliyev, Kürdəmir, Ağstafa, Ağsu, Göygöl, Qazax, Tovuz, Şəki, Ağdaş, Ucar, Ağsu, Göyçay rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərləri və mütəxəssisləri iştirak edib.

Bildirilib ki, ötən ilin payızında taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ölkədə bu ilin məhsulu üçün optimal müddətdə 640 min hektarı buğda, 369 min hektarı arpa olmaqla 1 009 min hektarda dən üçün payızlıq taxıl bitkiləri əkilib, əvvəlki il ilə müqayisədə əkin zamanı gübrələrdən istifadə artaraq 55 min tona çatdırılıb, taxıl əkinlərində 35-40% növbəli əkin sistemindən istifadə olunub. Hazırda taxıl sahələrində bitkilərin inkişafı qənaətbəxş səviyyədədir.

Videokonfransda suvarma suyu ilə təminat, növbəli əkin sxemlərinə, dəmyə bölgələrdə herik saxlanmasına üstünlük verilməsi və mümkün olan ərazilərdə kənd təsərrüfatı bitkilərinin (qarğıdalı, soya, günəbaxan, qarabaşaq və s.) təkrar əkinlərinin aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, taxıl sahələrində alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı aparılan aqrotexniki tədbirlərlərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

Orxan
Xəbəri paylaş