Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmil Həsənlinin məqsədi Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanıtmaqdır



Newscenter.az.28.04.2020. Özünü Milli Şura (MŞ) adlandıran bir siyasi qurumun rəhbərinin hüquqi savadsızlığı doğrudan da çox acınacaqlıdır. Cəmil Həsənlinin karantin qaydalarını, SMS-lə icazənin şərtlərini pozan şəxslərə polis orqanlarının cərimə təyin etməsi, cərimənin həcmini müəyyən etməsi və bu cərimələri inzibatı qaydada ödətdirməsi hallarını qanunsuz hesab etməsi bu adamın elementar hüquqi biliklərə, təsəvvürlərə malik olmamasını göstərir.

MŞ sədrinin vətəndaşlara tövsiyyə və çağırışlarının bir-birinə ziddiyyət təşkil etməsi də onun hüquqi nihilizmini, məntiqsizliyini təsdiqləyir. Adam Facebook hesabındakı paylaşımında əvvəlcə vətəndaşlara bildirir ki," bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir". Lakin sonrakı fikirlərindən birində isə deyir ki, "cərimələri ödəməyə tələsməyin". Baxın, bir-birilə daban-dabana ziddiyət təşkil edən bu iki fikirin ikisini də bir adam (Milli Şura sədri) səsləndirir və bununla da vətəndaşları həm də qanunlara tabe olmamağa, anarxiyaya sövq etmiş olur.

Bu "peşəkar" siyasətçi sırf hüquqi məsələlərə dair status paylaşır, amma özünə biraz əziyyət verib gedib heç olmasa, İnzibati Xətalar Məcəlləsini açıb oxumur. Oxumadığına görədir ki, hüquqi məntiqdən tamamilə uzaq olan fikirlər səsləndirir. Onun bu fikirlərini oxuyan hər kəs başa düşür ki, Cəmil müəllimin həqiqətən də qanunlardan xəbəri yoxdur. Xəbəri olsaydı bilərdi ki, karantin günlərində tətbiq edilən cərimələr instututunun söykəndiyi konkret normativ huquqi aktlar var və bu normativ aktlar kimliyindən asılı olmayaraq qanunu pozan bütün şəxslər üçün hüquqi məsuliyyət yaradır. Bu mənada, Cəmil Həsənli və onun düşərgəsindən olanların "inzibati cərimələr polis tərəfindən tətbiq edilə bilməz və bu cərimələri yalnız məhkəmələr təyin edə bilər" fikiri tamamilə əsassızdır, yanlışdır. İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı 795 saylı və 1256 saylı Fərmanlar hüquqi baxımdan cərimələrin polis tərəfindən tətbiqinə icazə verir. Odur ki, siyasi təşkilat rəhbərinin hüquqi məsələlərə bu cür bəsit tərzdə yanaşması yolverilməzdir.

Milli Şura rəhbərinin SMS-lə icazə sistemini ələ salaraq "SMS hoqqabazlığı" kimi səviyyəsiz bir ifadə işlətməsi də bu adamın necə bərbad düşüncəyə malik olmasını açıq-aydın göstərir. Onun "SMS hoqqabazlığı" adlandırdığı icazə sistemi pandemiya ilə mübarizə dövründə təkcə Azərbaycanda deyil əksər ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da tətbiq edilib. Həmçinin C.Həsənlinin özünün də tez-tez "siyasi turist" kimi getdiyi, gəzdiyi xarici ölkələrin də bir çoxunda SMS-lə icazə rejiminin tətbiq edilməsinin şahidi olduq.. Onda MŞ sədrinin xəstə məntiqindən belə çıxır ki, bu ölkələrin hamısı onun iddia etdiyi kimi hoqqabazlıqla məşğuldur? Bu dərəcədə qərəzli olmaq bir siyasi təşkilat rəhbəri və bir professor üçün ayıbdır axı. Onun məqsədi həmişə olduğu kimi növbəti dəfə Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanıtmaqdır. Amma bu çox çirkin məqsəddir.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş