Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” ASC-də qanvermə aksiyası keçirilib



Newscenter.az.4.05.2020. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsinə dəstək çağırışına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin də kollektivi qoşulub. İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib. Qanvermə aksiyasında “Azərsu”ASC-nin idarə və müəssisələrində çalışan əməkdaşlar fəal iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıblar. Xüsusilə sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu dövrdə belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğu vurğulanıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın “Azərsu” ASC-də keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində hər il “Azərsu” ASC-də qanvermə aksiyaları keçirilir. Bu tədbirlər ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Anar
Xəbəri paylaş