Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncləri korrupsiyaya yox deyir



Newscenter.az.14.05.2020. Son dövrlərdə ölkə başçımızın qanunvericilik sahəsində qəbul etdiyi ali qərarlar hər bir Azərbaycan gənci tərəfindən, xüsusəndə Gəncə gəncləri tərəfindən alqışla qarşılanır.

Cənab Prezident İlham Əliyevin pandemiya şəraitində belə dövlətə və xalqa xəyanət edən vəzifəli şəxslərə qarşı apardığı mübarizə bir daha xalq-iqtidar birliyinin gücünün və qanunun aliliyinin əyani sübutuna çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsasında korrupsiya ilə mübarizənin olması, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması və qanunun aliliyinin təmin olunması təbii ki, Azərbaycan gəncinin öz dövlətinə və dövlət başçısına olan inamını daha da artırır.
Çox təəssüf olsun ki, bu sahədə əldə edilmiş uğurlara, qanunun aliliyinə, şəffaf idarəçilik fəaliyyətinə zidd işlər görən və vətəndaş-məmur münasibətlərinə kölgə salmağa çalışan vəzifəli şəxslər də az deyil.

Bəzi yerli icra orqanlarında korrupsiyanın artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Buna həssas qrupdan olan əhaliyə Heydər Əliyev fondu tərəfindən edilən ərzaq yardımlarının əhaliyə çatdırılmaması, işsiz əhaliyə edilən 190 azn birdəfəlik ödənişin mənimsənilməsi və digər neqativ halları misal göstərmək olar.

Ölkə başçımız tərəfindən bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.

Bunun nəticəsidir ki, son aylarda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.

Dövlət başçımız Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.

Cənab Prezidentin bu tapşırığından bir neçə gün sonra 8 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə xüsusi əməliyyat həyata keçirildi. Bu əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qərarı seçilmişdir.

Mən bir Azərbaycan gənci olaraq hesab edirəm ki, xalqımızın yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır.


Ruslan Vəliyev
QHT rəsmisi, fəal gənc.
Xəbəri paylaş