Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız böyük xilaskarının xidmətlərini unutmur



Newscenter.az.12.06.2020. 15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verməklə regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırmışdır.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyən etdi. Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Azərbaycan informasiya blokadasından çıxdı və ölkəmizlə bağlı dünyada formalaşan fikir müsbət yönümdə dəyişdi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Məhz həmin tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtmışdır. Həyatın bütün sahələrində qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha əldən verməyəcək, müstəqillik əbədi olacaq.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 15 iyunda Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir, xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Xəbəri paylaş