Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COVİD 19-la mübarizədə iqtisadi tədbirlər davam etdirilməkdədir



Newscenter.az.3.07.2020. Bildiyiniz kimi yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə modul tipli xəstəxanaların tikintisi sürətlə aparılır, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncə şəhərində birinci, ölkədə isə beşinci modul tipli xəstəxananın istifadəyə verilməsi buna əyani sübutdur.

Eyni zamanda, Gəncədə tikinti materialları istehsalı zavodunun açılışı, Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksinin tikintisi, “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanışlıq çətin pandemiya şəraitinə baxmayaraq regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğunun bariz nümunəsidir.

Xüsusi karantin rejiminin uzadılmasını və sərtləşdirilməsini nəzərə alaraq, COVİD 19, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən yardım davam etdirilməkdədir. Lakin, son zamanlar sosial şəbəkələrdə xüsusi karantin rejimi dövründə zərərçəkmiş sahələrə və muzdlu işçilərə yardım edilməməsi ilə bağlı absurd fikirlər səslənməkdədir. Bu fikirləri səsləndirən vətəndaşlarımıza cavab olaraq Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamını xatırlatmaq istəyirəm. Belə ki, təsdiq olunmuş Tədbirlər Planına əsasən makroiqtisadi stabilliyə, ölkədə məşğulluq məsələlərinə və fəaliyyətini dayandırmış fərdi sahibkarların fəaliyyətlərinə mənfi təsirin azaldılması məqsədilə genişmiqyaslı tədbirlər hələ də həyata keçirilməkdədir.

Xüsusilə sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişlənməsi heç kəsə sirr deyil. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanına əsasən sahibkarlara dövlət zəmanəti ilə kredit alınması və kreditlər üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması, fors-major hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrası möhlətinin uzadılması kimi əlverişli şərtlər yaradılmışdır.

Həmçinin, xüsusi karantin rejimi dövründə müəssisələrin, ticarət və xidmət obyektlərinin işinin təşkili ilə bağlı nəzarət və maarifləndirmə tədbirləri də davam etdirilməkdədir. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu monitorinq qrupları yaradılmış, Bakı şəhərində və ölkə regionlarında mayın 22-dən etibarən monitorinqlər keçirilməkdədir. İyunun 25-dək monitorinq aparılmış 8484 sahibkarlıq subyektindən 3715-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Bütün bunlar bir daha göstərir ki, pandemiya dönəmində belə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret iş, real inkişaf, əməl dayanır. Ona görə əminliklə deyə bilərik ki, bu il də paytaxtla yanaşı, regionların da sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələr vaxtında və uğurla reallaşacaq.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş