Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gündüz İsmayılov: "İnsanlarımızın dini heysiyyatından sui-istifadə etməyə çalışırlar"



Newscenter.az.21.08.2020. “Sovet dövründə Məhərrəmlik mərasimlərində zəncir, qəmə vurulur, qan çıxarılırdı. Bu, xurafat idi, amma xurafata, cəhalətə qarşı amansız olan sovetlər buna göz yumurdu. Çünki bu cür xurafat İslamı da, müsəlmanı da gözdən salır, ikrah yaradırdı. Sovetlərə isə lazım olan elə bu idi: Məhərrəmliyin və islamın xurafatlaşması”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayllov qeyd edib ki, sovetlərdən sonra Məhərrəmlikdə nə zəncir, nə qəmə vurulur, nə də qan çıxarılır:

“Əksinə, xəstələr üçün qanvermə aksiyası keçirilir. Azərbaycan dövləti və xalqı bunu təqdir və təşviq edir. Çünki bu, İslama da, müsəlmana da baş ucalığı gətirir. Nəticədə mahiyyətinə uyğun olaraq İslam və Məhərrəmlik mütərəqqiləşir!”.

Komitə rəsmisi qeyd edib ki, bu gün isə sərhəddin o biri üzündən durub bu üzünə hürənlər Azərbaycanda "Məhərrəmlik qadağan olunub, İmam Hüseyn əzadarlığı yasaqlanıb" deyirlər:

“İnsanlarımızın dini heysiyyatından, İmam Hüseyn sevgisindən özlərinin və sahiblərinin siyasi maraqları naminə sui-istifadə etməyə çalışırlar. Bax bu, Məhərrəmliyin və islamın siyasiləşdirilməsidir!”.

Gündüz İsmayılov bildirib ki, Azərbaycanda nə Məhərrəmlik, nə də İmam Hüseyn əzadarlığı qadağan edilib:

“Bunu kimsə edə bilməz, heç gücü də çatmaz. Ona görə ki, bu toplumun Peyğəmbər və Əhli-beyt sevgisi bütün qadağalardan güclüdür Amma kimsə də bu toplumun inancından çirkin məqsədləri üçün istifadə edə bilməz. Çünki bu xalq ağı qaradan, yaxşını pisdən, dostu düşməndən, ən əsası Məhərrəmliyin qadağan edilməsi ilə Məhərrəmlikdə məscidə getməyin qadağan edilməsi arasındakı fərqi seçəcək və səbəbi görəcək qədər fəhmlidir! Bax bu isə Məhərrəmliklə bağlı bu günün reallığıdır!”.

Mehman
Xəbəri paylaş