Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masası keçirilib



Newscenter.az.27.08.2020. Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masa tədbiri keçirilib. Dəyirmi masa ölkədəki dini durum, pandemiya dövrü dini maarifləndirmə problemləri, məhərrəmlik tədbirləri və s. mövzulara həsr olunub. Ekspertlərin onlayn dəyirmi masa tədbirində DAM icraçı direktoru Natiq Rəhimov, Qasımbəy məscidinin imam-camaatı Samir Ağayev, ilahiyyatçı yazar, Azərbaycan televiziyasında proqram müəllifi Mail Yaqub, “Birlik” İB sədri və birlik.az saytının redaktoru Vüsal Hətəmov, islam.az saytının redaktoru Vüsal Əliyev, ilahiyyatçı-müəllim Aslan Həbibov, digər dini icmaların rəhbər nümayəndələri Samir Pənahov, Ramiz Tahirov, Cəlal Əhədov və b. iştirak ediblər.

Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycandakı mövcud dini vəziyyət təhlil edilib, pandemiya şəraitində aparılan dini maarifləndirmə işlərinə qiymət verilməklə yanaşı, dini maarifləndirmənin yeni istiqamət və metodları barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ekspertlər bu qənaətə gəliblər ki, ruhanilər və xətiblər ümumdünya pandemiyasının diktə etdiyi şərtlər daxilində dini maarifləndirmənin təşkili istiqamətində yeni texnoloji metodlar əldə etmiş və təcrübə toplamışlar ki, gələcəkdə, pandemiya bitəndən sonra da bu təcrübədən istifadənin davam etdirilməsi məqsəduyğundur.

Müzakirələr gedişində builki məhərrəmlik mövsümünün özəl cəhətləri araşdırılıb. Qeyd edilib ki, vətənpərvərlik və şəhidlik mövzuları daha çox qabardılmalı, çıxışlarda və yazılarda Qarabağdakı hərbi əməliyyatlara və şəhid olmuş döyüşçülərimizə xüsusi yer ayrılmalıdır.

Dəyirmi masa tədbirində məscidlərin və ibadət ocaqlarının bağlı olması probleminə də münasibət bildirilib. Tədbir iştirakçıları dini həyatda məscidlərin böyük rola malik olduğunu qeyd edərək, kütləvi əza məclislərinin məscidlərdə keçirilməsinin yeni yoluxma təhlükəsi yarada biləcəyindən də narahatlıqlarını ifadə ediblər. Onlayn toplantıda bu fikir də səsləndirilib ki, dindarlar tərəfindən məscidlərin açılması istəyinin sivil qaydada ifadə edilməsi tamamilə təbiidir. Eyni zamanda, sosial şəbəkələrdə bəzi qüvvələr tərəfindən bu istəyin mövcud vəziyyəti daha da gərginləşdirməyə və dövlət-din qarşıdurması şəklində təqdim etməyə çalışması da yolverilməzliyi nəzərə çatdırılıb. Tədbirdə bu da qeyd edilib ki, dünya səviyyəsində böyük din xadimləri evdə, ailə üzvləri arasında əzadarlıq saxlamağı və imkan daxilində kütləvi mərasimlərdən çəkinməyi tövsiyə ediblər. Tədbir iştirakçıları həmçinin qərara gəliblər ki, pandemiya təhlükəsi azalan kimi məscidlərin açılması məsələsinə baxılması barədə müvafiq qurumlara müraciət edilməsi ayrıca müzakirə olunsun.

Sonda bu silsilədən olan tədbirlərin gələcəkdə də mütəmadi olaraq, daha geniş tərkibdə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, DAM tərəfindən belə dəyirmi masalar əvvəlki illərdə mütəmadi keçirilib.

Mehman
Xəbəri paylaş