Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-dan təkzib: “Ramiz Mehdiyevin adından yazılanlar həqiqəti əks etdirmir"



Newscenter.az.10.09.2020. "10 sentyabr 2020-ci il tarixində "Təzadlar" qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıb. Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib".

Newscenter.az xəbər verir ki, bu fikirlər AMEA-nın mətbuat və informasiya xidmətinin yaymış olduğu açıqlamada yer alıb. Qeyd edilib ki, Ramiz Mehdiyev siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib:

"Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb.

Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir".
Xəbəri paylaş