Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstriyada erməni terroru əleyhinə aksiya keçirilib



Newscenter.az.17.10.2020. Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Helden Platz meydanında icazəli aksiya keçirib.

Newscenter.az-a verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

“Azer Der” cəmiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada Vyanada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla yanaşı türk icmasının nümayəndələri də iştirak ediblər. Çıxış edən soydaşlarınız Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını, Gəncədə onlarla mülki vətəndaşın, o cümlədən günahsız körpələrin həlak olmasından təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı, Avstriyanın himni də oxunub. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Ermənistana inanma”, “Ermənistanın işğalına son!”, “Ermənistanın təcavüzünə son”, “Erməni terroruna son” şüarları səsləndiriblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.
Xəbəri paylaş