ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Beynəlxalq ictimaiyyət Qazançı kilsəsi ilə bağlı “həssas” münasibətini, işğal altındakı torpaqlarda dağıdılmış məscidlərimizə qarşı göstərmir

19-10-2020, 13:35



Newscenter.az.19.10.2020. “İşğalçı dövlət xalqımızın 30 ildir ki, pozulan hüquqlarının bərpası üçün apardığı mübarizəni çirkin vasitələrə əl atmaqla “dinlərarası toqquşma” kimi təqdim etməyə, beləliklə Qərb dairələrinin və Rusiyanın dəstəyini qazanmağa cəhd göstərir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, Ermənistanın işğalda olan Şuşa şəhərindəki Qazançı kilsəsinin atəşə tutulması ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi, o cümlədən Azərbaycan və Türkiyənin xristian məbədlərinə qarşı “vandalizm” siyasəti yürütdüyü barədə görüntü yaratmaq niyyətindən irəli gəlir:

“Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Qazançı kilsəsi ilə bağlı “həssas” münasibətini, işğal altındakı torpaqlarda dağıdılmış məscidlərimiz və tarixi abidələrimizə qarşı göstərmir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan Azərbaycanı digər dinlərin məbədlərinə qarşı hörmətsizlikdə ittiham etmək isə olduqca absurd görünür. Xalqımızın bütün dinlərə olan hörmətini Azərbaycan dövlətinin etnik, dini baxımdan zənginliyi fonunda həyata keçirdiyi hüquq bərabərliyinə, tolerantlıq və multikulturalizmə əsaslanan siyasətinə, bu siyasətin hüquqi və praktiki nəticələrinə baxaraq aydın görmək mümkündür”.

Səyavuş Heydərov deyib ki, Azərbaycanda nəinki xristianlara, heç bir dinin nümayəndələrinə qarşı diskriminasiya olmayıb, əksinə, Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaq üçün ideal şərait mövcuddur:

“Bu gün Azərbaycanda 25 xristian dini icması, 14 kilsə ilə yanaşı, bir çox xristian dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi, o cümlədən Qafqaz Alban mirasımızın qorunması buna əyani sübutdur. Zaman göstərdi ki, dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi düşünülmüş, strateji siyasət bu gün bizi bir çox əsassız ittihamlar, eləcə də Ermənistanın böhtanlarından müdafiə edir”.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR