Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımızdan Ordumuza - DƏSTƏK



Newscenter.az.2.11.2020. Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.

Newscenter.az xəbər verir ki, Qaraçöp sakinlərinin təşəbbüsü ilə Vətən savaşı aparan, öz ərazi bötövlüyünü təmin etməyə çalışan Azərbaycan dövlətinə və ordusuna dəstək göstərilib.

Soydaşlarımız dövlətimizə və ordumuza dəstəklərini Azərbaycana 1000 başadək xırdabuynuzlu heyvan göndərməklə nümayiş etdiriblər. Sakinlər xırdabuynuzlu heyvanları Azərbaycan bayraqları ilə bəzədilmiş xüsusi avtomobillərə (TIR-lara) yükləyərək ölkəmizə yola salıblar.

Əslən Qaraçöpdən olan əməkdar kənd təsərrüfatı işçisi İlham Quliyev bildirib ki, Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman Azərbaycan dövlətinin yanındadır:

"Gürcüstanda bizim çoxsaylı soydaşlarımız var. Vətən müharibəsi günlərində Gürcüstanda yaşayan, o cümlədən, Qaraçöpdəki 30 minədək soydaşımızın hər birinin ürəyi Azərbaycanladır. Burada yaşayan soydaşlarımız hər zaman Azərbaycan Prezidentinin, dövlətinin diqqət və qayğısını öz üzərilərində hiss ediblər. İndi də azərbaycanlılar yaşayan kəndlərin inkişafı davam edir. Bu kəndlərin istər kommunal, istər yol problemləri həll edilir. İnkişafı hər kəs öz gözü ilə görür. Qaraçöplülər də öz istəkləri ilə ordumuza, dövlətimizə müəyyən ərməğan etmək qərarına gəliblər. Bu ərməğanın çatdırılmasında bizə Azərbaycanın Gürcüstandakı səfirliyi böyük yardım etdi. Onlara da təşəkkür edirəm. Vətən müharibəsində qələbə bizim olacaq. Qaraçöp mahalının sakinləri hər zaman Azərbaycan dövlətinin, Prezidentinin, Ordumuzun yanındadır, hər zaman onlara dəstək verir”.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan dövlətimizin yanında olduqlarını bəyan edirlər.

Orxan
Xəbəri paylaş