Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünün və işğal siyasətinin bədəlini ödəməlidir"



Newscenter.az.13.11.2020. "Azərbaycan döyüş meydanında qazandığı qələbə ilə sadəcə Ermənistanın işğalçı ordusunu məğlub etmədi. Dövlətimiz, ordumuz bu zəfərlə ümumilikdə erməni şovinistlərinin “Böyük Ermənistan ideologiyasını” tamamilə məhv etdi. Biz onlara başa saldıq ki, Qarabağ heç vaxt sizin torpağınız olmayıb və başqa dövlətlərin torpaqları hesabına dövlət yaratmaq xülyasını unutmalısınız".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. O, qeyd edib ki, Azərbaycan dövlətinin apardığı fəal siyasət və hərbi gücü nəticəsində Ermənistan və onun “ideoloqlarının” işğalçılıq niyyətləri beynəlxalq arenada ifşa olundu:

"Azərbaycanın qətiyyətli mövqeyi, Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli, cəsarətli siyasəti nəticəsində ermənilərin bu “ideologiyası” tamamilə darmadağın oldu. Çünki tarixi saxtalaşdırmaq mümkün deyil və saxta ideologiyalar da məhv olmağa məhkumdur".

Deputat bildirib ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünün və işğal siyasətinin bədəlini ödəməlidir. Necə olur ki, ermənilər uydurma “soyqırımı”na görə Türkiyədən təzminat tələb edir, amma öz törətdikləri cinayətlərinə görə bədəl ödəmək istəmir? Bu, mümkün deyil:

"Nə olursa olsun, onlar bütün bunlara görə cavab verməlidirlər. Təsadüfi deyil ki, bugünlərdə Ermənistanın sabiq prokuroru da etiraf edib ki, Azərbaycana 50 milyard dollar həcmində təzminat ödəməli olacağıq. Əlbəttə ki, işğalçılıq siyasətinin vurduğu zərər bundan dəfələrlə çoxdur. Azərbaycan Prezidentinin tapşırığı əsasında müvafiq dövlət qurumları hesablamalar aparır və dəymiş zərərlə bağlı təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət olunacaq. İşğalçı Ermənistanın bizə vurduğu təkcə maddi zərərin yox, mənəvi zərərin miqyası da çox böyükdür. Onlar buna görə məsuliyyət daşımalıdırlar".

Fatma Yıldırım qeyd edib ki,işğalçı siyasət həyata keçirən hərbi canilər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar:

"Necə ki, İkinci Dünya müharibəsinin sonunda faşistlər məhkəmə qarşısında layiqli cəzalarını aldılar. Eynilə, faşist ideologiyası ilə xalqımıza qarşı soyqırımlar törədən canilər mütləq hesab verməlidirlər. Mənim arzum budur ki, erməni faşistləri üçün məhkəmə məhz Şuşa şəhərində qurulsun və Şuşada yaradılmış hərbi tribunal qarşısında cinayətkarlar törətdikləri hərbi cinayətlərə görə cəzalandırılsın".

Anar
Xəbəri paylaş