Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobuda 1 000-dən çox fərdi evə qaz verilib



Newscenter.az.16.11.2020. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində genişmiqyaslı işləri davam etdirir.

Bu barədə Newscenter.az-a qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib.

Açılışda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. İ.Gülməmmədova bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu sakinləri adından minnətdarlığını bildirib.

R.Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.

Qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1 147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda regionlarda və Bakı şəhərində 2020-ci il üzrə qaz çəkilişləri aparılan 13 yaşayış məntəqəsində 1 031 fərdi yaşayış evi, 27 yaşayış massivində 5 675 fərdi yaşayış evi təbii qazla təmin edilib. 17 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir.

Sevinc
Xəbəri paylaş