Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xudafərin körpüsündə Azərbaycan bayrağını yüksəltməsi mühüm siyasi mesaj, tarixi məqam oldu

Xudafərin körpüsündə Azərbaycan bayrağını yüksəltməsi mühüm siyasi mesaj, tarixi məqam oldu


Newscenter.az.18.11.2020. Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birgə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi, Cəbrayıl və Füzuli şəhərlərində, Xudafərin körpüsündə Azərbaycan bayrağını yüksəltməsi mühüm siyasi mesaj, tarixi məqam oldu. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi demək oldu. Təsəvvür edin ki, Ermənistanda Paşinyan öz xalqından gizləndiyi bir zamanda Azərbaycanda Prezident İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bu, şanlı qələbəmizin, zəfərimizin nidasıdır.

Siyasətdə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyevin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəri kimi tarixə düşdü. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə eyni zamanda, hər bir hərbçinin də Ali Baş Komandanı olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq da ona öz sevgi və etimadını nümayiş etdirdi. Təsadüfi deyil ki, bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Elə Füzuli rayonuna səfəri zamanı sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması deyilənlərin əyani sübutudur. Qələbədən sonra işğaldan azad olunan bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu, xalq da qalib ordunun Ali Baş Komandanını böyük izdiham ilə qarşıladı. Sözsüz ki, xalqın orduya inamı və dəstəyi, ölkədə yaşanan milli və siyasi həmrəylik əldə etdiyimiz qələbənin ideoloji əsasını təşkil edir. Xalqı dəmir yumruq kimi birləşdirən Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı isə xalqın qalib ruhunun güzgüsünə çevrildi.

Prezident İlham Əliyevin Sərəncamı ilə 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 50 milyon manatın ayrılması da mühüm tarixi hadisədir. Çünki bu, işğaldan azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulması işində ilk iri layihədir. Bu Sərəncam qarşıdakı müddət ərzində görüləcək irimiqyaslı işlərin, layihələrin başlanğıcı oldu. Bu qərar Prezident İlham Əliyevin bütün tarixi torpaqlarımızda yenidən bərpa işlərinin aparılması üçün əzminin, qətiyyətinin, siyasi iradəsinin sübutu oldu.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş