Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "Fransa həmsədrlik missiyasının bütün prinsiplərini pozur”



Newscenter.az.26.11.2020. Bir qrup ermənipərəst senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsi beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Könül Nurullayevann sözlərinə görə, çünki bu yanaşma Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə də hörmətsizlikdir:

"Bu üzdəniraq sənədi hazırlamaqla ermənipərəst senatorlar BMT TŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməni də gözardı etmiş olurlar. Halbuki bu qətnamələrin qəbul edilməsinə Fransa da vaxtı ilə səs verib. İndi isə Senat bu davranışla faktiki özü-özünü inkar etmiş olur. Digər tərəfdən, Fransanın bu mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədri statusu ilə də ziddiyyət təşkil edir. Çünki vasitəçi ölkə kimi Fransa münaqişə tərəflərinə yanaşmada tərəfsizliyi qorumalıdır. Lakin bu müddət ərzində təəssüflər olsun ki, rəsmi Paris tez-tez həmsədrlik missiyasının əsas prinsiplərini kobud şəkildə pozaraq, işğalçıya açıq dəstək verməkdən çəkinməyib".

Deputatın sözlərinə görə, münaqişə ətrafında yaranmış yeni reallıqlar fonunda isə aydın görünür ki, rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiyanın dominantlığından narahatdır:

"Separatçı qurumun tanınmasına hesablanmış absurd sənədi əslində Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiqinin nəticəsi də hesab etmək olar. Bununla belə, rəsmi Bakı və Azərbaycan xalqı Fransa Senatının bu qərəzli qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir".

Anar
Xəbəri paylaş