Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndiki məqamda əsas vəzifə virusa yoluxmanı tamamilə minimuma endiməkdir



Newscenter.az.29.12.2020. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin və məhdudiyyətlərin tətbiqi barədə qərarı ərəfəsində ölkəmizdə koronavirusa yoluxmanın həddi çox yüksək idi. Xatırlayırsınızsa, virusa yoluxma gündəlik 4 min nəfərdən artıq idi. Lakin yanvar ayına qədər tətbiq edilmiş məhdudiyyətlərdən təxminən 2 həftə sonra artıq müsbət tendensiyanı görməkdəyik. Məsələn, noyabrın 30-dan dekabrın 6-dək Azərbaycanda yeni növ koronavirus infeksiyasına 28 min 484, dekabrın 7-dən 13-dək 29 min 195, dekabrın 14-dən 20-dək 26 min 214 nəfər yoluxub. Dekabrın 21-dən 27-dək isə koronavirusa yoluxanların sayı 12 min 623 nəfər olub, yəni iki dəfəyədək azalma müşahidə edirik. Həftələr üzrə müvafiq olaraq COVID-19-dan 14 min 821 nəfər, 23 min 421, 27 min 861, 29 min 192 nəfər sağalıb. Göründüyü kimi, sərt karantin rejimi və məhdudiyyətlərin tətbiqi virusa yoluxmanın azaldılması prosesinə müsbət təsirini göstərir.

İndiki məqamda əsas vəzifə virusa yoluxmanı tamamilə minimuma endiməkdir. Təcrübə onu göstərir ki, məhdudiyyətlər zamanı yoluxma halları azalsa da, bu, təhlükənin tamamilə aradan qalxması demək olmur. Xatırlayırsınızsa, mart ayında ilk dəfə məhdudiyyətlərin tətbiqindən sonra xəstəliyə yoluxmanı minimuma endirmək mümkün olmuşdu. Lakin may ayından yumşalmalara gedildi, insanlarımız sanki xəstəliyin olduğunu unutdular və yay aylarında daha çox insanın xəstəliyə yoluxması halları ilə qarşılaşdıq. Bu mənada təcrübəyə əsaslanaraq deyə bilərik ki, yoluxma sayının azalmasına görə tez bir zamanda yumşalmalara getmək adekvat olmaz. Ona görə də, nə qədər sosial və iqtisadi baxımdan zərərli olsa da, məhdudiyyətlərin tətbiqi davam etməlidir. Xüsusilə də, nəzərə alaq ki, 2021-ci ildən vaksinasiya işləri də başlayacaq. Bu mənada, yoluxma sayı minimuma endirilməli və pandemiyaya qalib gəlmək üçün bütün mümkün addımlar atılmalıdır. Əlbəttə ki, bütün deyilənlərin fonunda insanlarımız da məhdudiyyətlərdən irəli gələn tələblərə riayət etməli, sosial məsafəni qorumalı, maskadan istifadə etməlidir. Biz pandemiyanı yalnız birlikdə məğlub edə bilərik.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş