ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ Dirçəliş Fondu” Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq

5-01-2021, 13:02



Newscenter.az.5.01.2021. Bu gün dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib məsələlərdən biri də azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa edilməsidir. Təsəvvür edin ki, işğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun salamat bina yoxdur. Kommunal infrastruktur, yol, inzibati və yaşayış binaları demək olar ki, bütövlükdə məhv edilib. Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq.

Heç şübhəsiz erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Əlbəttə ki, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Bu gün heç kəs şübhə etmir ki, qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək. Bütün bu proseslər də Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Məhz, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” da işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsində, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasında, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsində mühüm əhəmiyyət kəsb edəcək.

“Qarabağ Dirçəliş Fondu” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. Fərmana əsasən, ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirəcək “Qarabağ Dirçəliş Fondu”nun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR