Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı türk cümhuriyyətləri arasında əlaqələri əməli işlə möhkəmləndirmək xəttini seçib



Newscenter.az.20.01.2021. Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən söylədiyi fikirlər əslində hamımızın içindən keçən fikirlər idi. Dövlətimizin başçısı Türk Şurasının Baş katibinin müharibə dövründə və müharibədən sonrakı bəyanatlarını xatırladaraq, müharibənin lap əvvəlindən Türk Şurasının Baş katibinin Azərbaycanı dəstəklədiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanatlar verdiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu vurğulayan bəyanatla, Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etməsini, Azərbaycan xalqına başsağlığı verməsini, Azərbaycanı dəstəklədiyini dəfələrlə bildirməsini və 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verilməsini qeyd etdi.

Prezident bütün bunlara görə Bağdad Amreyevə və Türk Şurasına Azərbaycan xalqı adından təşəkkürünü bildirdi və qeyd etdi ki, Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır. Eyni zamanda bildirdi ki, bu çətin vaxtda mənəvi-siyasi dəstək və həmrəylik bizim xalqımız üçün olduqca vacibdir. Söhbət əlbəttə ki, ilk növbədə türk xalqlarının həmrəyliyindən gedir.

İlham Əliyev Türk Şurasının Baş katibi ilə söhbətində həmçinin işğaldan azad edilmiş ərazilərimizin qardaş ölkələrlə birlikdə bərpa olunacağına, bu istiqamətdə fəal qarşılıqlı əlaqələrimizin qurulacağına ümid bəslədiyini bildirdi: “Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”.

Azərbaycanın dövlət başçısının bu fikirləri bir daha əyani şəkildə göstərir ki, o türk cümhuriyyətləri arasında əlaqələri əməli işlə möhkəmləndirmək xəttini seçib. Qarabağ real türk birliyini formalaşdırmaq üçün ən uğurlu platforma rolunu oynayacaq. Şuşa isə bütün türk xalqlarını mədəniyyət çatısı altında birləşdirən ümumtürk ocağına çevrilə bilər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş