Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Müasir elmin Azərbaycan zirvəsi



Newscenter.az.3.02.2021. Azərbaycan zəngin sərvətləri ilə yanaşı, həm də dünya elminə zəngin töhfələr verən görkəmli şəxsiyyətləri ilə də tanınan ölkələrdəndir. Dünya elminə öz ixtira və kəşfləri ilə yenilik gətirən, elmin inkişafına misilsiz töhfələr verən şöhrətli alimlərimizin tədqiqatları bu gün də minlərlə alimin, elmi müəssisələrin, iqtisadiyyatın istinad mənbəyidir.

Görkəmli elm xadimi Həsən Abdullayev yarımkeçiriciləri ilk tədqiq edən alim kimi enerji istehsalında müasir cığır açmışdır. Azərbaycanda neft kimyasının əsasını qoyan, aviasiya yanacaqlarının istehsalında və digər istehsalat sahələrinin yenidən qurulmasında yüksək elmi tədqiqatları ilə dünya neft və kimya sənayesinin inkişafına əvəzsiz töhfələr verən Yusif Məmmədəliyevin əsərləri bu gün də alimlər üçün dəyərli məxəzdir. Kosmik və ballistik raket sistemlərinin, süni peyklərin yaradıcılarından biri Kərim Kərimov da dünya elminin zirvəsində dayanır. Bu cür şöhrətli alimlərimizin sayı çoxdur və sadalamaqla qurtarmır.

Fevralın 4-də anadan olmasının 100 illiyi tamam olan dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) Azərbaycan və dünya elmində xüsusi yeri və rolu isə daha möhtəşəmdir. 1921-ci il Bakının Novxanı qəsəbəsində dünyaya göz açan Lütfi Zadə orta təhsilini Azərbaycanda alsa da, əsas elmi fəaliyyəti xarici ölkələrlə, xüsusilə də ABŞ-la bağlıdır.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə dünya elm tarixində inqilabi sıçrayışa səbəb olan və elmdə əsaslı dönüş yaradan, öz möhürünü vuran möhtəşəm şəxsiyyətdir. Onu hətta Aristoteldən sonra ən məşhur elm və məntiq sahibi hesab edirlər.
Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Onun elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edir.

Dünya elmi Onun 6 mühüm nəzəriyyəsi əsasında son 50 ildə iqtisadi intibaha nail olmuşdur. Lütfi Zadənin elmi ixtira və kəşfləri, xüsusilə də dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi sayəsində ən inkişaf etmiş ölkələr yüksək iqtisadi sıçrayışa çatıbdır. Onun elmi nəzəriyyələri riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmış, elmi-texniki tərəqqinin inkişafında, 4-cü sənaye inqilabının intibahında Lütfi Zadənin müəllifi olduğu elmi nəzəriyyələr əsas istinad nöqtəsi kimi qəbul edilmişdir.

Dünyada inkişaf edən İT və kommunikasiyaların, robot texnologiyalarının və innovativ iqtisadiyyat quruculuğunun əsasında da məhz Lütfİ Zadə elmi dühası dayanır. İntellektual texnologiyalar, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərində geniş tətbiq edilən innovasiyalar Onun açdığı çığırdan qaynaqlanır.

Lütfi Zadə nəhəng elm məbədidir, Onun adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılmışdır. Hər il minlərlə alim Onun elmi əsərlərindən bəhrələnir, dünya miqyasında əsərlərinə ən çox istinad olunan alim də məhz odur. Təkcə 1990-2010-ci illərdə onun əsərlərinə 45000-dən çox istinad edilmişdir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir.

Dünya nəhəngi olan şirkətlər – “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda”, “General Motors”, “General Electric”, “Motorola” və 100-lərlə nüfuzlu şirkətlər məhz Lütfüzadənin parlaq elmi dühasının sayəsində müasir inkişafa və milyardlarla dollar kapitala sahib olubdur. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu gün Onun nəzəriyyələri əsasında tədqiqatlar aparır. edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadə alman alim Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcuddur. 2016-cı ildə Onun nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıbdır. Bir çox ölkələrin İntellektual Robot Mərkəzlərində Lütfi Zadənin fotosu yerləşdirilib.

Azərbaycan hər zaman Onun şərəfli adını uca tutmuş, Lütfi Zadə fenomeni ilə qürur duymuşdur. Respublikamızın ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsi Lütfi Zadəyə dərin ehtiramın nümunəsidir.

Lütfi Zadə Amerikada yaşayıb-yaratmasına baxmayaraq, ürəyi hər zaman doğma Vətəni Azərbaycanla döyünüb. Ömrünün son günlərində də doğma Vətəninə qovuşmağı arzulayırdı. Onun Prezident İlham Əliyevə böyük hörməti vardı. Cənab İlham Əliyevi intellekti, uzaqgörən, ölkəsinə bağlı olan və dünya liderləri arasında özünəməxsus yeri olan nadir lider hesab edirdi.

2017-ci ilin sentyabrında dünyasını dəyişən elm korifeyinin vəsiyyətinə əsasən, cənazəsi Amerikadan Bakıya gətirilmiş və dövlət səviyyəsində vida mərasimi təşkil olunmuş, Prezident İlham Əliyev mərasimdə iştirak etmiş, Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilmişdir.
Şərəfli ömür yaşamış dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi hər birimizin qəlbində daim yaşayacaqdır.

Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş