Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Milli Prioritetlər” sənədi hər bir azərbaycanlı üçün "yol xəritəsi"dir

"Milli Prioritetlər” sənədi hər bir azərbaycanlı üçün "yol xəritəsi"dir


Newscenter.az.5.02.2021. 44 günlük müharibə Azərbaycana təkcə Qələbə gətirmədi, bu müharibə həm də ölkəmizi yenilədi, ölkədə yeni ab-havanın, fərqli ictimai-siyasi mühitin formalaşmasına start və stimul verdi. İndi ölkəmizdə bir dönəm bitib, yeni quruculuq dövrü, bərpa və inkişaf mərhələsi başlayıb. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı mühüm strateji sənədi təsdiq etməsi də artıq ölkənin və cəmiyyətin həyatında yepyeni bir dövrün başlanmasının əyani sübutudur.

Prezident yeni dövrün reallıqlarına uyğun milli prioritetləri müəyyən edib və onların icrası mexanizmini təqdim edib. Belə ki, bu sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır:
-Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
-Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
-Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
-İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;
-Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Göründüyü kimi yeni sənəddə ölkəmizin gələcək inkişafı üçün olduqca mühüm məqamlar öz əksini tapıb. Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, Böyük Qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarəolunmasında strateji planlaşdırmanın əsas hədəflərindən sayılır. Bu hədəflər eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Əslində bu prioritetlər müasir dünyamızın hər bir ölkəsi üçün böyük önəm kəsb edir. Lakin heç də hər hökumət bu proritetləri, bu hədəfləri vaxtında müəyyənləşdirə bilmir.
Azərbaycan Prezidenti zamanın çağırışlarına, innovativ tələblərə uyğun Milli Proritetləri müəyyən etməklə Azərbaycanın hazırki qlobal proseslərlə ayaqlaşa bilən bir ölkə olduğunu bir daha təsdiqləmiş oldu. Beləliklə, müstəqil və qalib Azərbaycan dövləti qarşıdakı 10 illik dövrü (2021/2030-cu illər) əhatə edən yeni və həm də həlledici, strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirdiyinə görə təkcə hökumətin fəaliyyətindən deyil, həm də bütün azərbaycanlıların həyatından qırmızı xətt kimi keçəcək. "Milli Prioritetlər” sənədi hər bir azərbaycanlı üçün "yol xəritəsi"dir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş